2025-ci il dövlət büdcəsinin gəlirləri 39131,1 milyon manat, xərcləri 38603,6 milyon manat icra olunub, 527,5 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət büdcəsinin gəlirləri
2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39131,1 milyon manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1969,3 milyon manat çox icra edilib.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24650,1 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 16353,5 milyon manatı və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14481,0 milyon manatı və ya 37,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6369,9 milyon manatı və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 679,7 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1200,8 milyon manatı və ya 3,1 faizi isə sair daxilolmaların payına düşür (Qrafik 2).
2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 2024-cü illə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 1700,0 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 545,5 milyon manat və ya 3,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar üzrə 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 131,8 milyon manat və ya 24,1 faiz çox, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 278,8 milyon manat və ya 4,2 faiz az vəsait daxil olub.
Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 20302,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çoxdur.
Hesabat ili ərzində dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 59,1 faizini və ya 12006,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,4 faizini və ya 6369,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 679,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 5,9 faizini və ya 1200,8 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 46,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.
2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya 8,9 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icra olunub.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1266,9 milyon manat və ya 7,2 faiz çoxdur (Qrafik 3).
2025-ci ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 23,1 faizi və ya 4347,4 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 faizi və ya 14481,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52,0 faizi və ya 2260,3 milyon manatı “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi, 41,3 faizi və ya 1795,4 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.
Dövlət büdcəsinin xərcləri
2025-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əmək haqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
Dövlət büdcəsinin xərcləri 38603,6 milyon manat icra olunub ki, bu da 2024-cü illə müqayisədə 889,9 milyon manat və ya 2,4 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin 22116,2 milyon manatı və ya 57,3 faizi cari xərclərə, 14387,9 milyon manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2099,5 milyon manatı və ya 5,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası: 2025-ci il üzrə funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 8068,2 milyon manat, iqtisadi fəaliyyət xərcləri 7579,7 milyon manat, təhsil xərcləri 4618,3 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 4554,4 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 4456,1 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 2919,9 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 2786,8 milyon manat, səhiyyə xərcləri 1275,3 milyon manat, kənd təsərrüfatı xərcləri 1120,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 527,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 374,2 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 322,5 milyon manat icra olunub.
2024-cü illə müqayisədə 2025-ci il ərzində müdafiə və milli təhlükəsizlik xərclərinə 22,9 faiz və ya 1506,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 9,7 faiz və ya 403,3 milyon manat, ümumi dövlət xidmətləri xərclərinə 8,3 faiz və ya 341,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 6,1 faiz və ya 30,3 milyon manat, təhsil xərclərinə 5,2 faiz və ya 228,2 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 3,9 faiz və ya 110,1 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 3,4 faiz və ya 12,3 milyon manat, kənd təsərrüfatı xərclərinə 2,3 faiz və ya 25,1 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 0,9 faiz və ya 3,0 milyon manat çox vəsait yönəldilib.
Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası: 2025-ci ildə iqtisadi təsnifata uyğun olaraq qeyri-maliyyə aktivləri 12949,2 milyon manat, əməyin ödənişi xərcləri 9090,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 5892,1 milyon manat, qrantlar və digər ödənişlər 3969,9 milyon manat, sosial ödənişlər 3146,2 milyon manat, subsidiyalar 1167,1 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 1096,4 milyon manat, faizlər üzrə ödənişlər 1003,0 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 237,8 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 51,6 milyon manat icra edilib.
2025-ci il ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2305,1 milyon manat vəsait sərf olunub.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəm olaraq 4465,7 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 3781,9 milyon manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.
Ehtiyat fondlar üzrə xərclərin icrası: 2025-ci ildə dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmamış bəzi tədbir və xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 41,7 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1569,9 milyon manat, cəm olaraq 1611,6 milyon manat (“Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsində qənaət olunmuş vəsaitdən dövlət büdcəsinin ehtiyat fonduna yönəldilmiş 1594,3 milyon manat də nəzərə alınmaqla) istifadə olunub.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti: 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. 2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757,0 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2099,5 milyon manatın ödənilməsi təmin edilib. 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.
1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə 129094,0 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.
1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.
Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.
İcmal büdcə
2025-ci il icmal büdcənin gəlirləri 47955,1 milyon manat, xərcləri isə 44651,9 milyon manat icra olunub. İcmal büdcədə 3303,2 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8088,7 milyon manat, xərcləri 7518,2 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 242,3 milyon manat, xərcləri 213,3 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2006,0 milyon manat, xərcləri 2418,0 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 17169,2 milyon manat, xərcləri 14586,5 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 451,0 milyon manat, xərcləri 445,6 milyon manat təşkil edib.










