Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı “Mobile Payment Solutions” MMC-ə icrası məcburi göstəriş verib.
Mərkəzi Bank “Delta Capital”, “Money Shop” və “Meta-Kapital”a - MƏCBURI GÖSTƏRIŞLƏR VERİB
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir ki, MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.
Bununla bağlı olaraq “Mərkəzi Bank haqqında” Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 63.1-ci maddələrinə əsasən çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verilib.
Qeyd edək ki, şirkət bundan əvvəl də Mərkəzi Bank tərəfindən cəzalandırılıb. Belə ki, 2025-ci ilin noybarında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərin pozulmasına görə “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 min manat məbləğində cərimə edilib.
Ötən ilin sentyabr ayında isə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 9.3-cü maddəsinə əsasən ödəniş agenti tərəfindən reyestrə daxil edilmədən ödəniş xidmətlərinin göstərilməməsi tələbinin pozulması ilə əlaqədar olaraq, Mərkəzi Bankı tərəfindən Qanunun 63.1-ci maddəsi rəhbər tutularaq, “Mobile Payment Solutions” MMC-yə ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilib.
Qeyd edək ki, “Mobile Payment Solutions” MMC 2012-ci ildə VÖEN alıb. Nizamnamə kapitalı 857 min manat olan şirkətin qanuni təmsilçisi Həsənov Vüsal Mirzərəhim oğludur. Şirkət Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi , ev.3 hüquqi ünvanında yerləşir.
Şirkət “Mobile Payment Solutions” MMC-nin ticarət nişanı “Portmanat”dır. “Portmanat” gündəlik ödəmələri rahat həyata keçirmək üçün nəzərdə tutulan elektron pulqabıdır.













