Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının qəbulunun daha da effektiv həyata keçirilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Eləcə də bax: Azərbaycanda «yaşıl istiqrazlar» buraxılacaq – MƏRKƏZİ BANKDA TOPLANTI
FED.az xəbər verir ki, bu tədbirlərdən biri də bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan istehlakçıların Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək, o cümlədən istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədilə istehlakçıların qəbulunun Mərkəzi Bankın Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində də həyata keçirilməsi imkanının yaradılmasıdır. İstehlakçılar aidiyyəti üzrə Mərkəzi Bankın Quba Regional Mərkəzi (Quba şəhəri, H.Əliyev prospekti 219B), Biləsuvar Regional Mərkəzi (Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B) və Gəncə Regional Mərkəzinə (Gəncə şəhəri, Nizami prospekti 204) yaxınlaşmaqla müraciətlərini bildirə bilərlər.
Qeyd edək ki, Bakı şəhərində istehlakçıların qəbulu Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında həyata keçirilir. Bundan əlavə, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qəbul zamanı növbəliliyin avtomatlaşdırılması üçün Növbə İdarəetmə Sistemi yaradılıb və istehlakçıların istifadəsinə verilib. Bununla yanaşı, növbənin Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına gəlmədən müvafiq internet səhifəsi (cbar.az) vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılıb. Sözügedən xidmətdən yararlanmaq üçün istehlakçılar www.randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Qəbulda iştirak edən istehlakçıların Mərkəzi Banka müraciət ünvanlaması üçün ərizə otağında ərizə formasının yerləşdirilməsi ilə yanaşı, onlara “QR-kod” vasitəsilə onlayn qaydada müraciət etmə imkanı yaradılıb. Qəbul otaqlarında qəbulda iştirak edən istehlakçıların mövcud sistem və qəbul prosesi barəsində təəssüratlarının öyrənilməsi, onların məmnuniyyət səviyyəsinin ölçülməsi, həmçinin icraçı və qəbulu həyata keçirən əməkdaşların vətəndaş qəbulu ilə bağlı fəaliyyətinin təhlili və dəyərləndirilməsi üçün onların skan edə biləcəyi “QR-kod” yerləşdirilib, həmçinin anket forması hazırlanıb. Hər hansı sual yarandığı halda istehlakçılara Mərkəzi Bankın “966” nömrəli Qaynar xətti ilə əlaqə saxlamaları tövsiyə olunur. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Mərkəzi Bankın prioritet məsələlərindən biridir və yaxın gələcəkdə bu sahədə strateji tədbirlər həyata keçiriləcək. Mərkəzi Bankın istehlakçıların müdafiəsi çərçivəsinin ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq gücləndirilməsi məqsədilə həyata keçirəcəyi tədbirlər barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.