"Proqnozlaşdırılan neft qiymətləri ilə (45 dollar) tədiyyə balansının cari əməiyyatar hesabında profisitin olacağı gözlənilir. İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcəkdir. Kapital və maliyyənin hərəkətinə isə iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcəkdir".
Bu Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında Bəyanatında deyilir.
"Qiymətləndirmələr göstərir ki, tədiyyə balansı və Neft Fondunun büdcəyə transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında sabitliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir",- Bəyanatda deyilir.
Fiskal siyasətdəki nisbi yumuşalmanı nəzərə almaqla Mərkəzi Bank 2018-ci ildə də konservativ (mühafizəkar) pul siyasətini davam etdirəcəkdir.
Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcəkdir.