İyunun 27-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100370S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. FED.az xəbər verir ki, Azərbaycan bankları hərraca həmişəki kimi böyük maraq göstəriblər. BFB-nin mədumatına görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 24 sifariş təqdim edilib. Hərraca çıxarılan notların həcmi 250 milyon manat olduğu halda sifarişlərin nominal qiymətlə ümumi məbləği 603 527 500 AZN olub. Başqa sözlə, hərracda tələbat təklifi 2,4 dəfə üstələyib.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 25.07.2018-dir.
Qeyd edildiyi kimi, notların illik gəlirliyi 8%, müddəti 28 gün və ya 1 aydır. Nəticədə bu dəfəki not yerləşdirilməsində iştirak edən banklar ümumilikdə 1,67 milyon manat gəlir əldə edəcəklər. Qeyd etmək lazımdır ki, real sektorla kredit aktivliyinin o qədər də yüksək olmadığı və keyfiyyətli borcalanları azlığı səbəbindən kredit verməkdə çətinliklərlə üzləşən banklar hazırda qiymətli kağızlar bazarına böyük maraq göstərirlər. Məhz bu səbəbdən Maliyyə Naziyliyinin dövlət istiqrazları, AMB-nin notları və depozit hərraclarına banklar tərəfindən böyük maraq müşahidə olunur.