Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə ACT LLC təşkilatının sorğu əsasında hazırladığı hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu. Mərkəzi Bankın açıqlamasına görə, qlobal şoklar baş verməzsə o zaman 2018-ci ildə manat dəyər itirməyəcək.
FED.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq.
Lakin o hesab edir ki, manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil: “Son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb. Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəlləyişə səbəb olar. Bu ilki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməs ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da son qərarı Mərkəzi Bank deyəcək. Baş bank isə hələlik milli valyutanın möhkəmlənməsində maraqlı görsənmir”.
Qeyd edək ki, banklararası ticarətdə dollar bahalaşıb. “Bloomberg” terminalında ABŞ valyutası dünənlə müqayisədə 0,01% bahalaşaraq 1.7000 manata qalxıb.
Manatı bahalaşdıran təzyiqlər artır: Ekspertlərin proqnozları
15:37
4 Yan 2018