Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Nazirlikdən FED.az-a bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının alınması “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsilə həyata keçirilir. Bunun üçün www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatları təqdim etmək olar.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.