“Legion Financial” ASC 2026-cı ilin ilk yarısını 470 min manat xalis mənfəətlə başa vurub.
«Legion Financial» sürətli böyüyüb - MƏNFƏƏTİ ARTIB – HESABAT
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə “Legion Financial”ın əsas fəaliyyətindən əldə etdiyi faiz gəlirlərində kəskin artım qeydə alınıb. 2026-cı ilin ilk yarısında faiz gəlirləri 2 milyon 265 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 759 min manat idi. Beləliklə, faiz gəlirləri 28,7% artıb.
Eyni zamanda faiz xərcləri daha sürətlə yüksəlib. Şirkətin faiz xərcləri 759 min manatdan 1 milyon 85 min manata çataraq 43% artıb. Nəticədə xalis faiz gəlirləri 1 milyon 180 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Şirkətin göstəricilərinə təsir edən əsas məqamlardan biri inzibati xərclərin kəskin yüksəlməsidir. Hesabata görə, “Legion Financial”ın inzibati xərcləri ötən ilin ilk yarısındakı 154 min manatdan bu ilin eyni dövründə 651 min manata yüksəlib. Bu, təxminən 4,2 dəfə və ya 322% artım deməkdir.
Nəticədə şirkətin vergidən əvvəl mənfəəti 587,6 min manat təşkil edib. Mənfəət vergisi çıxıldıqdan sonra isə şirkət yarımili 470,1 min manat xalis mənfəətlə tamamlayıb.
Aktivləri 22 milyon manatı keçib
İlk yarım ildə “Legion Financial” böyüməkdə davam edib. 30 iyun 2026-cı il tarixinə şirkətin cəmi aktivləri 22 milyon 471 min manat təşkil edib. 30 iyun 2025-ci ildə aktivlər 19 milyon 67 min manat idi. Beləliklə, şirkətin aktivləri bir il ərzində 18% və ya 3,4 milyon manat artıb.
Aktivlərin ən böyük hissəsini maliyyə icarəsi əməliyyatları üzrə alacaqlar təşkil edib. Bu göstərici 11 milyon 135,8 min manatdan 12 milyon 93,1 min manata yüksəlib və illik müqayisədə 8,6% artıb.
Faktorinq əməliyyatları üzrə aktivlər də 3 milyon 392,3 min manatdan 3 milyon 893,9 min manata çataraq 14,8% artıb. Lombard kreditləri üzrə alacaqlarda isə daha yüksək artım qeydə alınıb: göstərici 354,4 min manatdan 618,5 min manata yüksəlib. Artım 74,5% təşkil edib.
Şirkətin investisiya mülkiyyətinin dəyəri də nəzərəçarpacaq dərəcədə artaraq 2 milyon 828,8 min manatdan 4 milyon 582,5 min manata çatıb. Bu, təxminən 62% artım deməkdir.
Digər tərəfdən, şirkətin pul vəsaitləri və onların ekvivalentləri 149,5 min manatdan 43,5 min manata düşüb – azalma təxminən 71% təşkil edib.
Öhdəliklər də artıb
Aktivlərlə yanaşı, “Legion Financial”ın öhdəlikləri də yüksəlib. 30 iyun 2025-ci ildə 14 milyon 684,6 min manat olan cəmi öhdəliklər bir il sonra 17 milyon 871,2 min manata çatıb. Bu isə 21,7% artım deməkdir.
Öhdəliklərin strukturunda ən böyük pay digər şəxslərdən alınmış borcların üzərinə düşüb. Bu borclar 2025-ci ilin iyunundakı 10 milyon 928,3 min manatdan 2026-cı ilin iyununda 13 milyon 714,9 min manata yüksəlib. Artım 2 milyon 786,6 min manat və ya 25,5% təşkil edib.
Səhmdarlardan alınmış borclar isə əksinə dəyişib: 1 milyon 803,9 min manatdan 1 milyon 581,2 min manata enib. Beləliklə, bu borclar 12,3% azalıb.
Şirkətin istiqrazlar üzrə öhdəlikləri 932 min manatdan 912 min manata düşüb – azalma 20 min manat və ya 2,1% olub.
Ən nəzərəçarpan dəyişikliklərdən biri digər öhdəliklərdə qeydə alınıb. Bu göstərici 105,8 min manatdan 1 milyon 233 min manata yüksəlib. Başqa sözlə, bir il ərzində təxminən 11,7 dəfə artıb.
Cari mənfəət vergisi öhdəliyi isə 106,2 min manatdan 22,9 min manata düşərək təxminən 78,5% azalıb.
Bundan əlavə, 2025-ci ilin eyni tarixində 808,3 min manat maliyyə təşkilatlarından alınmış kredit olduğu halda, 30 iyun 2026-cı il tarixində bu maddə üzrə qalıq göstərilməyib. Əvəzində 2026-cı ilin hesabatında 407,2 min manat maliyyə icarəsi öhdəliyi yer alıb; 2025-ci ilin eyni tarixində bu maddə üzrə məbləğ göstərilməmişdi.
Şirkətin kapitalı isə 4 milyon 383 min manatdan 4 milyon 600,1 min manata yüksəlib və təxminən 5% artıb.







![“Legion Financial” böyüyür, aktivləri 22,5 milyon manata çatıb - [red]470 min mənfəət açıqladı - HESABAT[/red] | FED.az](/upload/news/small/3770057.jpg)
![“Legion Financial” böyüyür, aktivləri 22,5 milyon manata çatıb - [red]470 min mənfəət açıqladı - HESABAT[/red] | FED.az](/upload/news/small/3378690.jpeg)
![“Legion Financial” böyüyür, aktivləri 22,5 milyon manata çatıb - [red]470 min mənfəət açıqladı - HESABAT[/red] | FED.az](/upload/news/small/2605298.jpeg)







