“Azərbaycanda audit ilə bağlı qanunvericilyin tələblərinə tam əməl edilmir”.
Bunu fəaliyyətini dayandırmış "Analitik Audit" MMC-nin direktoru Elburus Niftəliyev deyib.
O qeyd edib ki, qanunvericiliyə əsasən bir sıra qrumlar məcburi auditdən keçməlidirlər. Bu tələb yerinə yetirilmir:
“Auditdən mütləq keçməli olan şirkətlər və qurumlar var. Lakin həmin şirkətlər qanunvericiliyin tələbini pozaraq auditdən keçmirlər”.
Elburus Niftəliyev qeyd etdi ki, qanunvericiliyə edilən dəyişikliyə görə, auditdən keçməyən qurumlara inzibati cərməni yazmaq hüququ Maliyyə Nazirliyinə verilib.
“Maliyyə Nazirliyinin bu prosesi izləyərək hansı qurumun auditdən keçib-keçmədiyini müəyyənləşdirməsi çətin olacaq. Əgər Maliyyə Nazirliyi rəy tələb edərsə, şirkət təcili bir ucuz rəy alacaqdır”.
Eləcə də bax: 13 auditor şirkətinin fəaliyyəti dayandırılıb
Audit şirkətinin direktoru qeyd etdi ki, audit xidmətlərində vahid tarif yoxdur: “Bu gün hərə cibinə bir möhürü qoyub rəy təqdim edir. Audit rəyləri şirkətlər dərin yoxlamalardan keçirilmədən, çox aşağı qiymətlərə təqdim olunur. Biz belə bir fəaliyyəti istəmirik. Bu səbəbdən fəaliyyətimizi dayandırdıq”.
Elburus Niftəliyev bildirdi ki, Azərbaycanda əksər şirkətlər auditin əhəmiyyətini başa düşmürlər və ya onlara audit lazım deyil.
Elburus Niftəliyev əlavə etdi ki, audit sahəsində və Auditorlar Palatasında islahatlar aparılmalı, bu sahənin tənzimlənməsinə müasir baxışlı kadrlar cəlb edilməlidir.
Qeyd edək ki, audit sahəsindəki problemlərə görə, artıq 13 şirkət fəaliyyətini dayandırıb