“Azərbaycanda “Kredit Zəmanət Fondu”nunyaradılması maliyyə sektoruna inamın bərpa edilməsi üçün bir tədbir kimi görülməlidir. Azərbaycan üçün vacib olan və hal-hazırda həyata keçirilən kredit büroları və daşınar əmlakın yüklülüyü islahatları kimi, fondun yaradılması da bir ölkənin maliyyə infrastrukturunun əsas elementidir. Banklar real sektorda kredit verilə bilən layihələr tapmağa və riskin daha yaxşı qiymətləndirilməsinə hazır olmalıdırlar, çünki banklar ərizələrin nə qədər münasib olmasını və girovun onlar üçün nə dərəcədə məqbul olub-olmadığını dəyərləndirməli olacaqlar”.
Bunu İsveçrə Əməkdaşlıq Təşkilatının region üzrə direktor müavini Simona Haberli verdiyi müsahibədə deyib. Müsahibəni tam versiyasını sizə təqdim edirik:
-Bildiyiniz kimi, “Kredit Zəmanət Fondu”nun yaradılması barədə fərman artıq imzalanıb. Bu fondun fəaliyyəti nədən ibarət olacaq? SECO-nun Fondun yaradılmasında töhfəsi nədən ibarətdir?
-Kredit zəmanət fondunun prezident sərəncamı ilə yaradılması müsbət haldır və bu o deməkdir ki, bu cür fondun real sektorun maliyyələşdirilməsində önəmi və bununla da, Azərbaycanın iqtisadi artımına töhfəsi ən yüksək səviyyədə qəbul edilir. Qeyd olunan sərəncam kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi kimi bəzi məsələlərə aydınlıq gətirir, digər məsələləri isə sərəncamla yaradılması nəzərdə tutulmuş İşçi Qrupu müəyyən etməli olacaq. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) kredit zəmanət fondlarının yaradılması sahəsində ən yaxşı beynəlxalq təcrübələri dərindən müzakirə etmək üçün İşçi Qrupu ilə görüşüb. Biz bu yaxınlarda hazırlanmış Azərbaycanda kredit zəmanət mexanizminin yaradılması üzrə texniki-iqtisadi əsaslandırmanı İşçi Qrupu ilə bölüşmüşük və bizim ekspert 16 ölkədə əldə elədiyi biliklərini onlarla paylaşıb. Qeyd olunanlardan başqa bizim fondun yaradılması prosesində bir rolumuz yoxdur və bu tapşırıq aydın şəkildə İşçi Qrupuna verilib.
-Beynəlxalq təcrübədə “Kredit Zəmanət Fondu”nun mexanizmi necədir? Azərbaycanda hansı ölkələrin təcrübəsindən yararlanılacaq?
-Təxminən 100 ölkədə hazırda fəaliyyətdə olan kredit zəmanət fondları var və onlardan bəziləri 50 ildən artıqdır ki, mövcuddur. Əminəm ki, qlobal miqyasda bu sahədə çox zəngin məlumat mövcuddur və bu məlumatın əsasında hansı səhvlərdən qaçmaq və hansı modeli tətbiq etməklə bağlı doğru qərarlar qəbul etmək olar. Ümumiyyətlə, zəmanət o zaman işə düşür ki, bank fəaliyyət göstərən KOS-ın kredit müraciətini girovun çatışmaması səbəbindən geri çevirməyə məcbur olur. Yalnız əsaslandırılmış və gəlir təmin edən müraciətləri qəbul etmək bankın məsuliyyətidir.
İnstitusional baza da vacibdir. Dünya təcrübəsinə istinad etsək, müstəqil fondlar daha uğurla və maliyyə cəhətdən daha dayanıqlı olurlar. Maliyyələşmə baxımından bütün kapitalın dövlət büdcəsindən cəlb olunması məcburi deyil. Yerli və xarici investorlara fondun nizamnamə kapitalına maliyyə yatırmasına icazə verilməsi də mümkündür. Fondların institusional cəhətdən dövlət qurumu, əsasən də, nazirlik nəzdində olmasına baxmayaraq, bəzi ölkələr hətta özəl qurumları onların idarə edilməsinə cəlb edirlər. Bir çox hallarda zəmanət fondları maliyyə bazarları tənzimləyicisinin nəzarəti altında olur.
İştirakçılara gəldikdə isə, bu banklarla məhdudlaşmamalıdır. Əgər bank olmayan kredit təşkilatları da cəlb olunarsa, bu, maliyyə inkluzivliyi və kənd yerlərinin inkişafı üçün vacib olan kənd yerlərinin əhatə edilməsi baxımından çox yaxşı olar.
Ancaq cənab Prezident tərəfindən imzalanmış sərəncamda əksini tapan prinsiplər çərçivəsində Azərbaycan üçün işlək kredit zəmanət fondunun yaradılması İşçi Qrupun məsuliyyətidir.
-Bu Fond zəmanəti hansı sahələr üzrə maliyyələşən kreditlərə şamil ediləcək? Kreditlərin hansı hissəsinə zəmanət veriləcək?
Qeyd olunan sərəncam KOS haqqında danışır, amma bildiyim qədər iqtisadiyyatın sektorlarını göstərmir. Ona görə də bir neçə biznes sahəsini və müvafiq məhsulları özündə birləşdirən geniş bir mexanizm yaradılması mümkündür. Məsələn, ümumi KOS, kənd təsərrüfatı, informasiya texnologiyaları və sair.
Maliyyə institutları tərəfindən mənəvi sapmaların qarşısını almaq üçün zəmanətlərin qismən təklif olunması daha yaxşıdır. Biz təklif edirik ki, borcun girovla örtülməyən 50%-i üçün zəmanət verilsin, amma bu sektor və ya hədəf qrupuna görə dəyişə bilər. Məsələn, əgər ölkə innovasiyaları və ya qadın sahibkarlığı inkişaf etdirmək istəyirsə, bu spesifik qruplar üzrə zəmanət artırıla bilər (məsələn, 75%).
-Fondun zəmanəti qarşılığında ödənişin nə qədər olması nəzərdə tutulur? Bu məbləğ beynəlxalq təcrübədə necə müəyyənləşdirilir?
-Bildiyim qədər, Azərbaycanda Fond fəaliyyətə 100% dövlət kapitalı ilə başlayacaq, ancaq mən bu məqsədlə ayrılacaq maliyyə vəsaitinin həcmindən xəbərdar deyiləm. İşçi Qrupu ilə müzakirələrdən bu qənaətə gəldim ki, onlar növbəti mərhələlərdə özəl investisiyaların cəlbinə açıqdırlar, amma bunu indi yox, sonrakı mərhələlərdə etmək istəyirlər. Nizamnamə kapitalının həcmi bazarın həcmindən asılıdır. Bu da mümkündür ki, münasib kapitalla başlayıb Fond pozitiv nəticələr əldə etdikcə kapitalı artırsınlar. İdeal halda Fond ilkin mərhələdə öz əməliyyat xərclərini qarşılayacaq və sonralar isə gəlir əldə edib öz kapitalına əlavə sərmayə yatıracaq. Fond maliyyə institutlarının qismən zəmanət əldə etməsi qarşılığında ödədikləri xidmət haqlarından gəlir əldə edəcək. Hazırkı dövrdə Kredit Zəmanət Fondunun xidmət haqqının 2% olması daha uyğun görünür.
-Fondun yaradılması bank-müştəri münasibətlərində hansı dəyişikliklərə gətirib çıxaracaq? Bu addım iqtisadiyyatdakı kreditləşməyə necə təsir edəcək? Misal gətirilən ölkələrdə bununla bağlı statistika necədir?
-Azərbaycanda belə bir fondun yaradılması maliyyə sektoruna inamın bərpa edilməsi üçün bir tədbir kimi görülməlidir. Azərbaycan üçün vacib olan və hal-hazırda həyata keçirilən kredit büroları və daşınar əmlakın yüklülüyü islahatları kimi, fondun yaradılması da bir ölkənin maliyyə infrastrukturunun əsas elementidir. Banklar real sektorda kredit verilə bilən layihələr tapmağa və riskin daha yaxşı qiymətləndirilməsinə hazır olmalıdırlar, çünki banklar ərizələrin nə qədər münasib olmasını və girovun onlar üçün nə dərəcədə məqbul olub-olmadığını dəyərləndirməli olacaqlar. Ümumilikdə, banklar çox hallarda KOS-a inanmırlar və onları necə qiymətləndirməli olduqlarını bilmirlər. Buna görə də onlar öz münasibətlərini də dəyişməli olacaqlar. Bu münasibət dəyişmədiyi halda Kredit Zəmanət Fondu effektli işləyə bilməz.
Əgər verilən kredit geri ödənilə bilməzsə, bu prosesə cəlb olunmuş hər üç tərəfin - bankın, KOS-ın və Fondun bundan əziyyət çəkməsi vacibdir. Bu hər üç tərəfin məsuliyyətli seçim etməsini təmin etmək üçün lazımdır.
Kredit Zəmanət Fondunun yaradılmasından gözlənilən nəticə real sektora daha çox kredit verilməsi və ideal olaraq daha ucuz faiz dərəcəsinə nail olmaqdır. Amma bu uğurlar kredit zəmanət fondu olan bütün ölkələrdə əldə edilməyib. Hətta bəzi fondlar iflas edib və 40%-dən artıq problemli kreditlərin yaranmasına gətirib çıxarıblar. Bu, əsasən, maliyyə institutlarının mənəvi sapma hallarına yol verən qeyri-kamil quruluşunun nəticəsində olmuşdur. Mən çox inanıram ki, Azərbaycan öz iqtisadi reallığı üçün əlverişli olacaq dayanıqlı bir quruluş formasıtapacaq.
© “Banklar və Biznes” qəzeti (BBN)