2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azalaraq 1 milyon 807,9 min təşkil edib.
Azərbaycana turist axını 10 %-dən çox azalıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gecələmələrin 58,8%-i Bakının, 5,9%-i Qusarın, 5,5%-i Naftalanın, 3,4%-i Qəbələnin, 3,1%-i Qubanın, 3,0%-i Lənkəranın, 2,1%-i Xaçmazın, 1,9%-i Gəncənin, 1,8%-i Şuşanın, 1,5%-i Şamaxının, 1,2%-i Naxçıvan Muxtar Respublikasının, 1,1%-i Şabranın, 1,1%-i Masallının, qalan 9,6%-i isə digər şəhər və rayonların payına düşüb.
Hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin sayı 10,3% azalaraq 1 milyon 69,8 min olub və ümumi gecələmələrin 59,2%-ni təşkil edib. Xarici qonaqlar arasında ən böyük pay Türkiyə (14,1%), Rusiya (13,0%), Hindistan (7,1%), İsrail (6,9%), Səudiyyə Ərəbistanı və Çin (hər biri 4,6%) vətəndaşlarının olub. Azərbaycan vətəndaşlarının gecələmələrinin sayı isə 738,1 minə çataraq ümumi göstəricinin 40,8%-ni təşkil edib.
Yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri illik müqayisədə 3,8% azalaraq 279 milyon manata enib. Gəlirlərin 61,1%-i otaqların təqdim olunmasından, 26,7%-i ictimai iaşədən, 3,2%-i müalicə və sağlamlıq, 9,0%-i isə digər xidmətlərdən formalaşıb.
Eyni zamanda, mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4%-dən 19,3%-ə düşüb. Bu göstərici ən yüksək Naftalanda (41,7%), Şabranda (34,1%) və Bakıda (29,4%) qeydə alınıb.















