Bu ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18 828,9 milyon manat proqnoza qarşı 19 179,2 milyon manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib.
2026-cı ilin ilk 6 ayı üzrə büdcələrin icrasına dair məlumat - 2,4 MİLYARD MANAT ARTIQLIQ YARANIB
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,8 faiz çox icra edilməklə 12 759,2 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 8 842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 420 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 217,7 milyon manat və ya 2,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 5,5 milyon manat və ya 24,2 faiz, sair daxilolmalardan 246,2 milyon manat və ya 2,7 dəfə çox, gömrük orqanlarının xətti ilə 10,4 milyon manat və ya 0,3 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 108,7 milyon manat və ya 23,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
Cari ilin altı ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 139,0 milyon manat və ya 1,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 52,5 milyon manat və ya 1,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 6,3 milyon manat və ya 28,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 38,6 milyon manat və ya 12,4 faiz çox vəsait daxil olub.














