Azərbaycan 2026-cı ildə 15 yaşınadək oğlanlar arasında futbol üzrə tarixdə ilk dünya çempionatına və festivalına ev sahibliyi edəcək.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev FIFA U-15 Dünya Çempionatı və Festivalının Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
FIFA Şurası Bürosunun 25 iyun 2026-cı il tarixli iclasında qəbul edilmiş qərara əsasən, turnir 22–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanda təşkil olunacaq.
İdman tarixində ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına Azərbaycanın ev sahibliyi etməsinin ölkənin beynəlxalq idman aləmində mövqeyinin möhkəmlənməsinə, futbolun inkişafına və mötəbər yarışların təşkili sahəsində əldə etdiyi təcrübənin zənginləşməsinə xidmət edəcəyi bildirilir.
Sərəncama əsasən, çempionat və festivalın keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi, eləcə də zəruri məsələlərin həlli mövcud Təşkilat Komitəsinə həvalə edilib. Sözügedən komitə 2027-ci ildə Azərbaycanda keçiriləcək 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının təşkili məqsədilə Prezidentin 15 dekabr 2025-ci il tarixli sərəncamı ilə yaradılıb.
Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Sərəncam Prezident İlham Əliyev tərəfindən 27 iyul 2026-cı il tarixində imzalanıb.














