Banklararası Kart Mərkəzi vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyinə və biznes proseslərin davamlılığına əminliyin yüksəldilməsi məqsədi ilə sistemin beynəlxalq kart təşkilatları tərəfindən müəyyənləşdirilmiş PCI DSS – “Payment Card Industry Data Security Standards” (ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə audit həyata keçirilib.
Mərkəzi Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Keçirilmiş audit yoxlamaları nəticəsində BKM infrastrukturunun PCI-DSS v3.2 standartlarının şərtlərinə tam cavab verdiyi təsdiq edilərək sertifikat təqdim olunub.
Şura, ödəniş kartlarında təhlükəsizlik siyasətinin, prosedur və qaydaların qiymətləndirilməsi üçün 12 əhəmiyyətli tələbdən və çoxsaylı direktivləri əhatə edən alt tələblərdən ibarət PCI DSS standartları kimi tanınan təhlükəsizlik standartlarını hazırlayıb.
Qeyd olunan standartlar beynəlxalq kart təşkilatları tərəfindən ödəniş kartı sahəsində risklərin idarə olunması məqsədi ilə 2006-cı ildən təsis edilmiş “Ödəniş kartı sahəsində təhlükəsizlik standartları Şurası” tərəfindən müəyyənləşdirilib. Hazırda şuranın üzvləri “American Express”, “Discover Financial Services”, “JCB International”, “MasterCard” və “Visa Inc.” kart təşkilatlarıdır.
Beynəlxalq kart təşkilatlarına məxsus ödəniş kartlarının emissiyası, məlumatların saxlanılması, emalı, ötürülməsi və bu kartlarla aparılmış əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsini təşkil edən bank və xidmət mərkəzlərinin PCI-DSS tələblərinə cavab verməsi zəruridir.
Qeyd edək ki, Banklararası Kart Mərkəzi 2016-cı ildə Mərkəzi Bank tərəfindən, aparılan əməliyyatlarda təhlükəsizliyin daha da artırılması məqsədi ilə yaradılıb.
Kart Mərkəzində audit aparılıb
15:23
26 Fev 2018