Milli Məclisdə “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda təsdiq edilib.
DSMF-nin sərbəst vəsaitləri - İNVESTİSİYAYA YÖNƏLDİLƏCƏK
FED.az xəbər verir ki, bu məsələ Milli Məclisin martın 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihələrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsaslarının yaradılması təklif olunub. Təklif olunan dəyişikliklər adıçəkilən fondların investisiya fəaliyyətinin təşkili, onların sərbəst vəsaitlərinin formalaşdırılması və o vəsaitlərdən optimal şəkildə istifadə edilməsi, maliyyə dayanıqlığının artırılması, yarana biləcək risklərin idarə olunması, sosial ödənişlərin davamlılığının təmin edilməsi kimi məqsədlər daşıyır. Fondların sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi nəticəsində bu vəsaitlərin dəyəri qorunub saxlanılacaq və fondlar üçün əlavə gəlir mənbələri yaranacaq.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.