Prezident İlham Əliyev «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyi haqqında Əsasnamədə 8.15-ci bənddən “birdəfəlik təyinatlı” sözləri çıxarılıb. Bu bənd nazirliyin vəzifələri barədədir və hazırda belədir.
«8.15. dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətin dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək
Əsasnamənin 8.21-ci bəndinə edilən dəyişikliyə görə isə bu bənddən “toplu maliyyə balansını tərtib etmək və” sözləri çıxarılıb. Başqa sözlə Maliyyə Nazirlyinin toplu maliyyə balansını tərtib etmək vəzifəsi ləğv edilib.
«8.21. Azərbaycan Respublikasının toplu maliyyə balansını tərtib etmək və tədiyyə balansının tərtibində iştirak etmək»;
Digər dəyişikliyə görə, Əsasnamədə 9.2-ci bənddən “aylıq,” sözü çıxarılıb. Bu yeniliyə əsasən Maliyyə Nazirliyi büdcə təşkilatları və subsidiya alan qurumlardan aylıq hesabat almayacaq, yalnız rüblük və illik hesabat alacaq.
Həmin maddənin indiki vəziyyəti
«9.2. büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq;».
Fərmana əsasən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında əsasnaməyə də dəyəşiklik edilib. Belə ki, Əsasnamədə 10.7-ci bəndindən “aylıq,” sözü çıxarılıb.
Həmin dəyişikliyə əsaən Agentlik büdcə təşkilatlarından aylıq hesabat almayacaq. Maddənin indiki vəziyyəti
«10.7. büdcə təşkilatlarından və dövlət büdcəsindən maliyyə yardımları alan digər təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə, müəyyən olunmuş qaydada, aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq;».