Mayın 27-də Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında yaradılan Əməkdaşlıq Şurasının iclası keçirilib.
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti qurumların rəhbərləri, ASK-nın vitse-prezidenti Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İ.Hüseynov görüşün hər iki tərəf üçün xüsusi önəm daşıdığını bildirib və Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi innovativ islahatlardan bəhs edərək tətbiq edilən yeniliklərin sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, gömrük orqanları ölkənin ixrac və tranzit potensialının artırılması, münbit və şəffaf biznes mühitinin yaradılması istiqamətində müvafiq addımlar atır, biznes-gömrük əməkdaşlığının gücləndirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır.
O, gömrük sistemində həyata keçirilən islahatların gömrük işinin fəlsəfəsini nəzarətdən xidmətə doğru dəyişdiyini vurğulayıb və sahibkarlıq subyektlərinin məmnunluğunun maksimum dərəcədə təmin olunmasına şərait yaratdığını diqqətə çatdırıb.
ASK-nın vitse-prezidenti V.Abbasov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatların xüsusilə son bir ildə sahibkarların fəaliyyətində müsbət dönüş yaratdığını bildirib. Qeyd edib ki, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmət mədəniyyətinin yüksəldilməsi sahibkarlar tərəfindən təqdirlə qarşılanır.
Qeyd olunub ki, tədbirdə müzakirə ediləcək məsələlər müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla görüşlər nəticəsində əldə olunan ümumi rəylərə əsaslanır.
Sonra iclasda malların və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, gömrük dəyərinin müəyyən edilməsi, gömrük ekspertizası, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi və digər məsələlər müzakirə olunub, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.