2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub. Bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir. Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.
FED.az xəbər verir ki, bu, 2026-cı ilin makroiqtisadi proqnozlarında bildirilir.
Qeyd edilib ki, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinə operativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7 milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb.
Daxili dövlət borcu
2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2 faizini təşkil edib. 2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.
Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard 837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarının, 180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür. Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir.
Dövlət qiymətli kağızlarının 2,6 faizi 1 illik, 56,2 faizi 2 və 3 illik, 41,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2025-ci ilin 1 dekabrtarixinə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən 1 milyard 730,9 milyon manat vəsait istifadə edilib. Bu vəsaitin 1 milyard 210,6 milyon manatı xarici borclar, 520,3 milyon manatı isə daxili borclar üzrə öhdəliklərin yerinə yetirilməsinə yönəldilib.
2026-cı il üzrə xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat müəyyən edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində müəyyənləşdirilib.










