Azərbaycan hökuməti 2025-ci ildə ölkədəki inflyasiya üzrə proqnozları artırıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı «Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər» adlı hesabatında bildirilir.
Hökumətin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya əvvəlcədən gözlənildiyi kimi, 4,6% deyil, 5,4% olacaq. Buna səbəb həm dünyada əmtəə qiymətlərinin artımı, həm də dövlət tərəfindən tənzimlənən qiymətlərdəki artımdır:
«2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir. Buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir etmişdir»-deyə nazirlik bildirir.
Xatırladaq ki, hələlik 2025-ci ilin ilk 7 ayı, yəni yanvar-iyul ayları üzrə ölkədə inflyasiya 5,8% olub. Bu dövrdə qida məhsullarının qiyməti 6,6%, qeyri-qida məhsullarının qiyməti 2,6%, ödənişli xidmətlərin qiyməti isə 7,3% artıb.