Azərbaycanın maliyyə bazarının meqa requlyatoru – bank sığorta və kapital bazarlarına nəzarəti həyata keçirən Azərbaycan Mərkəzi Bankı (AMB) bank və sığorta şirkətlərindən şikayəti olanlara müraciət edib.
FED.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Mərkəzi Bankın funksiyalardan biri də maliyyə xidmətləri istehlakçıların və investorların hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasının təmin olunmasıdır.
Buna uyğun olaraq Mərkəzi Bank istehlakçılar və investorlardan daxil olan yazılı və şifahi müraciətlərə baxır, araşdırma aparır hüquq pozuntusu aşkar ediləndə istehlakçıların və investorların pozulmuş hüquqlarının bərpası məqsədi ilə nəzarət subyektlərinə icrası məcburi göstərişlər verilir və ya digər hüquqi tədbirlər həyata keçirilir.
Mərkəzi Banka müraciət edən və müraciəti araşdırılan vətəndaşlar qəbul cədvəlinə uyğun olaraq Mərkəzi Bankın inzibati binasında və ya videobağlantı formatında qəbul edilir.
Mərkəzi Bank bildirir ki, koronavirus (COVİD-19) səbəbindən AMB-də vətəndaşların fiziki qəbulu dayandırılıb və yalnız online qəbul həyata keçirilir.
Amma bu il də maliyyə bazarı ilə bağlı çoxsaylı müraciətləri araşdırılaraq cavablandırılmış, nəzarət subyektləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilir.
Paralel olaraq Mərkəzi Bankda nəzarət subyektləri – yəni banklar və sığorta şirkətləri, eləcə də səhmdar cəmiyyətlərlə görüşlər də keçirilir.
Belə görüşlərdən biri noyabr ayında baş tutub. Görüş zamanı Azərbaycanda fəaliyyət göstərən bank və sığorta şirktələrinin nümaynədələrinə maliyyə xidmətləri sahəsində şəffaflıy, hesabatlılığın təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun daha da artırılması məqsədi ilə görülə biləcək tədbirlər barədə məlumat verilib. Belə görüşlər mütəmadi keçirilir.
Mərkəzi Bankın nəzarət subyektləri olaraq müəyyən edilmiş banklar, sığortaçılar, səhmdar cəmiyyətləri və digər maliyyə subyektləri tərəfindən hüquqpozmalara yol verildiyi təqdirdə, habelə Mərkəzi Bankın səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı vətəndaşlar qanunvericilikdə müəyyən edilmiş qaydada yazılı olaraq Mərkəzi Banka Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanına poçt vasitəsi ilə, https://contact.e-cbar.az/ elektron ünvanından online, +994124935058 telefon nömrəsi və 966 qaynar xətt nömrəsi ilə şifahi müraciət edə bilərlər. Eyni zamanda [email protected] ünvanından online qəbula yazılmaq mümkündür.
Bundan başqa, Mərkəzi Bank bildirir ki, bankların və sığorta şirkətlərinin inzibati binalarında bu qurumlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla bağlı, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat əldə etməsi məqsədi ilə vətəndaşların sorğu xarakterli müraciət ünvanlaya biləcəkləri Mərkəzi Bankın “966” qaynar xətti barədə məlumat lövhələri yerləşdirilmişdir.
Mərkəzi Bankın çoxsaylı zənglərə operativ cavab verilməsi üçün qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xətt fasiləsiz işləyir.