Bakı Fond Birjası (BFB) 2017-ci ili 1,5 milyon manat mənfəətlə başa vurub. FED.az xəbər verir ki, bu barədə BFB-nin 2017-ci il üzrə hesabıtanda bildirilir. Hesabata əsasən 2017-ci ildə birjanın gəlirləri 2 764 min manat təşkil edib. Bunun böyük hissəsi 2,712 milyon manatı əqdlər üzrə tarif gəlirlərindən, 51,3 min manat isə digər xidmətlərdən daxil olub.
Birjanın xərcləri isə ötən il 1 milyon 7860 manat təşkil edib. Bunun böyük hissəsi - 696 min manatı əmək haqları və işçilərlə bağlı xərclər, 197 min manat inzibati xərclər, təqribən 114 min manat isə amortizasiya və köhnəlmə xərcləridir.
NƏticədə BFB 2017-ci ili 1 milyon 756 min 140 manat əməliyyat mənfəəti ilə başa vurub. Vergi və digər ödənişlər də çıxıldıqdan sonra birjanın təmiz mənfəəti 1 milyon 471 min manat təşkil edib.
Müqayisə üçün bildirək ki, BFB əvvəlki, 2016-cı ili daha pis nəticələrlə başa vurmuşdu. Həmin il Birjanın zərəri 116 min manat təşkil etmişdi. Bunun səbəbi birjanın gəlirlərinin xeyli az (708,5 min manat), xərclərinin isə daha böyük (1 milyon 219 min manat) olmasıdır.
2016-ci ildə birjada əqdlər üzrə tarif gəlirləri cəmi 645 min manat olub. Əvəzində həmin il birjada əmək aqları daha çox verilib (2017-ci ildə 696 min manat olduğu halda 2016-da 814 min manat olub).
Bakı Fond Birjası zərərdən mənfəətə çıxdı
16:08
30 May 2018