Azərbaycan Beynəlxalq Valyuta Fonduna olan bütün kreditlərini 8 il əvvəl qaytarıb.
FED.az xəbər verir ki, Fondun Bakı ofisinin bağlanması barədə açıqlama yayan Maliyyə Nazirliyi bildirib ki, BVF-nun əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir.
«Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə BVF-dan kredit cəlb etmişdir, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarmışdır».
“Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ümumi daxili məhsulun (ÜDM) əhəmiyyətli artımı, neft gəlirlərinin idarə edilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması, dövlətin xarici borc öhdəliklərini dəfələrlə üstələyən xarici valyuta ehtiyyatlarının formalaşdırılması nəzərə alınaraq 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Fondla əməkdaşlığı yalnız illik məsləhətləşmələr formatında və bəzi texniki yardımların alınmasından ibarət olub"-deyə nazirlikdən bildirilib.