Ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçıları tərəfindən daha əlverişli tarif siyasətlərinin tətbiq edilməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirilir və onların icrası daim diqqət mərkəzində saxlanılır.
Eləcə də bax: "MDB-də kreditlər üzrə itkiləri ən tez - Azərbaycan Bankları Bağlayacaq"
FED.az xəbər verir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan “birgə bankomat şəbəkəsi” Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılmışdır.
Bu məqsədlə 11 bankın ("AccessBank" QSC, "AFB Bank" ASC, "Azər-Türk Bank" ASC, "Bank of Baku" ASC, "Expressbank" ASC, "Günay Bank" ASC, "TuranBank" ASC, "Unibank" KB ASC, "Yelo Bank" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, "Ziraat Bank Azərbaycan" ASC) və “Azərpoçt” MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanmışdır.
Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət “birgə bankomat şəbəkəsi”ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər.
Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcəkdir.
Gələcəkdə “birgə bankomat şəbəkəsi”nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcəkdir.