2020-ci ildə da manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.
Eləcə də bax: Azərbaycana xaricdən pul köçürmələri - 4% Artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Sənəddə həmçinin deyilir ki, xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq, hökumətin və AMB-nin birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.
Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da pandemiya ilə əlaqədar olaraq xarici iqtisadi əməliyyatların zəifləməsi ilə bağlı olub.
Ötən il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların dəyəri 2019-cu illə nisbətən 6,7 % azalaraq 25,9 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,5 %-i ABŞ dollarında, 13,5 %-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 34,7 %-i banklararası valyuta bazarında, 65,3 %-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.
Yanvar-dekabrda BVB-də əməliyyatların 99,5 %-i ABŞ dollarında, 0,5 %-i avroda aparılıb. Valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının dəyəri 16,9 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 79,7 %-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.
Hesabat dövründə BDVB-də valyuta əməliyyatlarının 94,2 %-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların dəyəri illik müqayisədə 13,3 % azalaraq 5,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 4,5 milyard ABŞ dollarını və yaxud 86,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son bir neçə ayda nağd xarici valyutanın xalis satışı (satışlardan alışlar çıxılmaqla) sabitləşib. (Report)