Bank sektorunda risklərin effektiv idarə olunması, xüsusilə də dəyişkən iqtisadi şəraitdə və sürətlə inkişaf edən texnologiyalar fonunda, strateji əhəmiyyət daşıyır.
Mərkəzi Bankdan sahibkarlar üçün yenilik – YENİ MALİYYƏ ALƏTİ TƏQDİM EDİLDİ
Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu” məhz bu sahədə sektora texniki dəstək vermək, qabaqcıl təcrübələrin paylaşılmasını təmin etmək və qarşılıqlı əməkdaşlıq platforması yaratmaq məqsədi daşıyır.
Ekspert qrupunun yeni təyin olunan sədri Fariz Rəhimov verdiyi müsahibədə bank sektorunda risk mədəniyyətinin formalaşdırılması, süni intellekt və data analitikasının tətbiqi, həmçinin qarşıda duran yeni çağırışlar və beynəlxalq təcrübənin lokallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
FED.az həmin müsahibəni təqdim edir:
- Ekspert qrupunun ABA çərçivəsində fəaliyyəti bank sektoruna hansı töhfələri verir və gələcəkdə hansı istiqamətlərin gücləndirilməsi nəzərdə tutulur?
- Ekspert qrupu bank sektorunda risklərin idarə olunmasına vahid texniki baxışın formalaşmasında mühüm rol oynayır. Bu platformada banklar öz praktiki çətinliklərini açıq şəkildə müzakirə edir və həll yollarını paylaşırlar. Son bir ildə əhəmiyyətli nəticələr əldə etmişik. Üzv banklar arasında qabaqcıl təcrübə və metodologiyaların paylaşılması sektorun risk mədəniyyətini gücləndirib və daha dayanıqlı yanaşmaların formalaşmasına təkan verib.
Makroiqtisadi şoklara qarşı hazırlığın artırılması məqsədilə ssenari təhlilləri və stress-testlərin tətbiqi müzakirə olunub, yanaşmalar uyğunlaşdırılıb. Yeni tənzimləyici qaydaların hazırlanması zamanı bank sektorunun mövqeyi nəzərə alınaraq onların praktiki həyata keçirilməsi asanlaşdırılıb. Eyni zamanda, əməliyyat riskləri, daxili nəzarət və itki məlumatlarının toplanması üzrə də geniş təcrübə mübadiləsi aparılıb. Bütün bunlar açıq dialoq və bilik paylaşımı sayəsində mümkün olub.
- Banklarda risklərin idarə olunmasında texnologiyanın, xüsusilə süni intellekt və data analitikasının rolu barədə nə düşünürsünüz?
- Texnologiya bu gün artıq risklərin idarə olunmasında tamamlayıcı deyil, ayrılmaz bir hissədir. Bir çox bank artıq süni intellekt və qabaqcıl data analitikasını aktiv şəkildə tətbiq edir. Məsələn, kredit risklərinin qiymətləndirilməsi, müştəri davranışlarının təhlili və fırıldaqçılığın aşkarlanması bu sahədəki əsas istiqamətlərdəndir.
Süni intellekt real vaxtda böyük həcmdə məlumatı təhlil etməklə ənənəvi metodlarla görünməyən nümunələri aşkara çıxara bilir. Lakin bu texnologiyalar eyni zamanda yeni risklər də yaradır. Məsələn, süni intellekt modellərinin izaholunma qabiliyyəti və etik istifadəsi mühüm məsələlərdəndir. Bu səbəbdən model risklərinin idarə olunması üçün yeni çərçivələr, nəzarət mexanizmləri və məlumat keyfiyyətinin təminatı zəruridir.
Mərkəzi Bankın 2023–2026-cı illər üçün Kibertəhlükəsizlik Strategiyası və informasiya təhlükəsizliyi üzrə yeni normativləri bu sahədə atılmış önəmli addımlardır. Ekspert qrupu texnologiya risklərini prioritet sahə kimi müəyyənləşdirərək üzv banklar arasında real təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. Ümumilikdə, texnologiyanı effektiv şəkildə tətbiq edən və riskləri düzgün idarə edən banklar gələcəyin çağırışlarına daha davamlı cavab verə biləcəklər.
- Sizin rəhbərliyiniz altında Ekspert qrupunun əsas prioritetləri nələr olacaq?
- Əsas hədəfimiz həm strateji düşüncənin, həm də texniki dayanıqlığın artırılmasıdır. Banklara müxtəlif makroiqtisadi və bazar ssenariləri əsasında stress-testlər aparmaq və qabaqlayıcı tədbir planları hazırlamaq üçün təlimlər və əməkdaşlıq seminarları təşkil edəcəyik. Bu yanaşma bankların çevik reaksiya qabiliyyətini artıracaq. Banklara ətraf mühit, sosial və idarəetmə (ESİ) risklərini risk idarəetmə sistemlərinə daxil etməkdə dəstək olacağıq. Beynəlxalq təcrübəyə əsaslanaraq kredit portfellərində iqlim risklərinin qiymətləndirilməsi və əməliyyat risklərinə ətraf mühit faktorlarının əlavə olunması məsələlərini müzakirə edəcəyik. Kiberhücumlar, texnoloji pozuntular və fırıldaqçılıq kimi risklərə qarşı birgə təcrübə paylaşımı təşviq olunacaq. Sektor üzrə ortaq İT risk göstəricilərinin formalaşdırılması və mütəxəssislərin iştirakı ilə brifinqlərin keçirilməsi də gündəmdədir. Bu prioritetlər sayəsində bank sektorunda həm qabaqcıl düşüncə tərzini, həm də gündəlik əməliyyat sabitliyini gücləndirməyi planlaşdırırıq.
- Beynəlxalq təcrübənin öyrənilməsi və lokallaşdırılması baxımından hansı təşəbbüsləri həyata keçirməyi planlaşdırırsınız?
- Əsas məqsədimiz beynəlxalq standartları tədqiq edib onları yerli reallıqlara uyğunlaşdırmaqdır. Hazırda bir neçə təşəbbüs üzərində işləyirik. Avropa Banklar İdarəsinin (EBA) informasiya texnologiyaları, təhlükəsizlik və ESİ riskləri üzrə təlimatları araşdırılır və bu əsasda yerli sektor üçün tövsiyələr hazırlanır.
Niderland Mərkəzi Bankının iqlim stress-testləri və dayanıqlılıq indikatorları üzrə işlərini nümunə götürərək, bu yanaşmaları Azərbaycanın iqtisadi mühitinə uyğunlaşdırmaq niyyətindəyik. Digər ölkələrin informasiya sistemlərinin fasiləsizliyi və bulud texnologiyalarının təhlükəsiz tətbiqi ilə bağlı təcrübələrini də nəzərdən keçiririk. Əsas prinsipimiz isə beynəlxalq təcrübəni mexaniki şəkildə tətbiq etmək deyil, onu yerli ehtiyaclara uyğunlaşdırmaqdır.
- Tənzimləyici qurumlarla (Mərkəzi Bank, Maliyyə Nazirliyi və s.) əməkdaşlıq çərçivəsində hansı sahələrdə sinerji yaratmaq mümkündür?
- Tənzimləyici qurumlarla sıx əməkdaşlıq bank sektorunun dayanıqlılığını artırmaq üçün vacibdir. Mərkəzi Bankla birgə makroiqtisadi stress-test ssenarilərinin hazırlanması ön plandadır. Bankların iştirak etdiyi ortaq ssenarilər nəticələrin müqayisəliliyini artıracaq və risklərə qabaqlayıcı yanaşmanı gücləndirəcək.
Maliyyə Nazirliyi ilə fiskal ssenarilərin bank risk modellərinə inteqrasiyası sahəsində əməkdaşlıq mümkündür. Bu, həm bankların makro riskləri daha dərindən anlamasına, həm də dövlətin siyasətlərinin sektora təsirini qiymətləndirməsinə imkan verəcək.
ESİ risklərinin effektiv idarəsi üçün isə Dövlət Statistika Komitəsi və digər qurumlarla birgə işləyərək iqlim göstəriciləri üzrə etibarlı məlumat bazasının yaradılması planlaşdırılır.
Mərkəzi Bankın informasiya təhlükəsizliyi üzrə yeni tələbləri kontekstində Ekspert qrupu kibertəhlükəsizlik üzrə sektorun hazırlıq səviyyəsini qiymətləndirmək məqsədilə birgə sorğular və simulyasiyalar təşkil edə bilər. Bütün sektor üzrə təlimlər və testlər vasitəsilə zəif cəhətlər aşkarlanaraq aradan qaldırıla bilər. (Report)