İyun ayında Azərbaycan və Ukrayna arasında iqtisadi və biznes əməkdaşlığı sahəsində mühüm yeniliklər gözlənilir.
Eləcə də bax: Ukrayna Azərbaycanın iş adamlarına investisiya imkanları - Təklif Edir
FED.az xəbər verir ki, iyunun 23-də Ukraynanın baş naziri Denis Şmıqalın başçılıq etdiyi böyük nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Səfər zamanı digər tədbirlərlə yanaşı, Bakıda Ukrayna mərkəzinin açılışı nəzərdə tutulub. Açılış mərasimində D.Şmıqal, Ukraynanın Azərbaycandakı səfiri və fəxri konsulu, eləcə də Azərbaycanda Ukrayna icmasının digər üzvləri iştirak edəcək.
Bu barədə Ukraynanın Azərbaycanda Ticarət və Sənaye Palatasının nümayəndəsi Anar Quliyev bildirib.
Onun sözlərinə görə, Ukrayna baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı ilə yanaşı, Azərbaycanın bəzi bölgələrinə də səfəri gözlənilir.
Səfər zamanı Ukrayna Sənaye və Ticarət Palatasının nümayəndələrinin iştirakı ilə Bakıda və bölgələrdə Azərbaycan sahibkarları ilə görüşü keçiriləcək.
Bu görüşlər əsnasında kənd təsərrüfatı, maşınqayırma, tikinti və neft-qaz sahələri üzrə ikitərəli qarşılıqlı memorandumlar imzalanacaq.
Baş nazir Denis Şmıqalın səfəri dövründə Azərbaycanda xüsusilə yerli neft-qaz şirkətləri ilə görüşlər və qarşılıqlı müzakirələr olacaq. «Qarşıdakı dövrdə görüləcək birgə işlər müzakirə olunacaq. Çünki bu sahədə təcrübə mübadiləsi həm Ukrayna, həm də Azərbaycan tərəfi üçün vacibdir»-deyə Anar Quliyev bildirib.
Qeyd edək ki, Ukraynanın Azərbaycanda Ticarət və Sənaye Palatasının nümayəndəliyi bir neçə ay əvvəl fəaliyyətə başlayıb. Palatanın fəaliyyətində məqsəd iki ölkə arasında qarşılıqlı iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə tövhə verməkdir.
Palatanın fəaliyyətində əsas istiqamətlərdən biri ukraynalı investorları, iş adamlarını və Ukrayna şirkətlərini Azərbaycanın uyğun sahələrinə cəlb etmək, həmçinin Azərbaycandakı iş adamları, investorları və şirkətləri Ukraynadakı layihələrə dəvət etməkdir.
Bu işlər kənd təsərrüfatı, neft-kimya, tikinti, maşınqayırma və sair sahələri əhatə edir.
Qeyd edək ki, yüksək siyasi münasibətlərə malik olan Azərbaycanla Ukrayna arasında investisiyaların qarşılıqlı genişləndirilməsi üçün böyük potensial var.
Hazırda iki ölkənin bir-bğirinə yatırımlarının həcmi o qədər də yüksək deyil.
Belə ki, Ukraynadan Azərbaycana yatırılan birbaşa investisiyalar 2019-cu ildə 287 min dollar, 2020-ci ildə isə 5 milyon 957 min dollar təşkil edib.
Azərbaycandan Ukraynaya yatırılan birbaşa investisiyalar isə 2019-cu ildə 3 milyon 516 min dollar, 2020-ci ildə isə 8 milyon 567 min dollar təşkil edib.
2020-ci ildə Azərbaycandan Ukraynaya 353 milyon dollarlıq məhsul ixrac edilib. Ukraynadan Azərbaycana ixracın həcmi isə 418,5 milyon dollar təşkil edib.