Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına başlanıb.
SOCAR İstiqrazlarının marketmeykeri olan «PSG Kapital» şirkətindən FED.az-a verilən məlumata görə, məlumatına görə, artıq noyabrın 10-dən etibarən SOCAR İstiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazlar üzrə REPO əməliyyatlarından istifadə edərək qısa müddətli kreditlər əldə edə biləcəklər.
Xatırladaq ki, REPO əməliyyatı – qiymətli kağızın sonradan geri satılmaq şərti ilə alqı-satqı əməliyyatıdır. Bu zaman qiymətli kağızan geri alınma qiyməti də əvvəlcədən müəyyən edilir. REPO əməliyyatı vasitəsilə qiymətli kağız sahibi olan fiziki və hüquqi şəxslər ehtiyac yarandığı halda qısa müddətdə və olduqca aşağı faiz dərəcəsi ilə vəsait (ani likvidlik) cəlb edə bilirlər.
REPO əməliyyatları qiymətli kağızlar bazarında aparılan əsas əməliyyavlardan və kağız sahibləri üçün yaradılan mühüm imkanlardan biri sayılır. İnkişaf etmiş qiymətli kağızlar bazarlarında REPO əməliyyatları və onlar vasitəsilə vəsait cəlb olunması geniş yayılıb.
Adətən REPO əməliyyatlarının müddəti (yəni bu əməliyyat çərçivəsində cəlb edilən vəsaitin qaytarılması müddəti) bir neçə gün davam edir. «PSG Kapital»dan verilən məlumata görə, SOCAR İstiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub.
3 günlük REPO əməliyyatları illik 3,5%-lə, 7 günlük əməliyyatlar isə illik 3,75%-lə aparılacaq. Başqa sözlə, istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.
İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO «pəncərəsi» açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub.
«Amma müştərilərin tələbatından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və bir ayadək uzadıla bilər.-deyə «PSG Kapital»dan bildirilib.
Digər mühüm məqam, REPO əməliyyatları vasitəsilə istiqraz sahiblərinin cəlb edə biləcəyi vəsaitin həcmi ilə bağlıdır. Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə REPO məbləğləri fərqlənir. SOCAR İstiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə «hair cut» (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə biləcəklər. Xatırladaq ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarındakı digər korporativ istiqrazlarda «hair cut» 40% təşkil edir, başqa sözlə, həmin istiqrazların sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların nominal qiymətinin cəmi 60%-i qədər vəsait cəlb edə bilərlər.
REPO əməliyyatlarının istiqraz sahibləri üçün digər üstünlüyü vəsaitlərin olduqca aşağı faizlə cəlb edilməsidir. Belə ki, illik 5% gəlirliyə malik olan SOCAR İstiqrazlarının sahibləri vəsaitləri daha aşağı faizlərlə cəlb edə biləcək, bununla da onların qazancları heç bir halda azalmayacaq.
«PSG Kapital»da bildirilib ki, REPO əməliyyatları xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq: «SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının başlanması likvidliyin təminatına dəstəklə yanaşı, ümumilikdə qiymətli kağızlar sektoruna inamı yüksəldəcək».
SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının başlanması Azərbaycanın qiymətli kağızlar bazarı və qiymətli kağızların sahibləri, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm yenilikdir. Bu əməliyyat vəsitəsilə istiqraz sahibləri digər mənbələrə ehtiyac olmadan özlərinin likvid vəsaitlərə olan tələbatlarını ödəyəcəklər. Başqa sözlə, REPOr əməliyyatları vasitəsilə sirkət və fiziki şəxslər yeni maliyyələşmə imkanı qazanırlar.
SOCAR istiqrazı sahibləri aşağı faizlərlə kredit götürə biləcəklər
15:05
10 Noy 2017