Azərbaycanda istehlakçıların hüquqlarının pozulması sahəsində ticarət obyektləri ilə yanaşı, ictimai iaşə sektorunda fəaliyyət göstərən şirkətlər də «fərqlənməyə» başlayıblar.
"Aztelekom" və "Baktelecom" indiyədək interneti - 4 DƏFƏ BAHA SATIRMIŞLAR
FED.az xəbər verir ki, 2023-cü ildə belə pozuntulara yol verən şirkətlərdən biri də "SHAZELI GROUP" MMC olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində bu qrupa məxsus «Pakdad» restoranlarında pozuntular aşkar edilib və onlara cərimə tətbiq olunub.
Xidmətdən FED.az-a verilən məlumata görə, daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı «Park Bulvar» və «28 Mall» ticarət mərkəzlərində fəaliyyət göstərən «SHAZELI GROUP» MMC-yə məxsus «Pakdad» restoranında müştərilərə təqdim olunan menyuların qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı müəyyən olunub.
Buna görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 445.1 maddəsi üzrə cərimə tətbiq edilib – cərimənin məbləği 800-1000 manat arasında dəyişir.
Xatırladaq ki, sözügedən maddə qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə aiddir.
Sözügedən restoranda müştərilərə təqdim olunan menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırması barədə Dövlət Xidməti tərəfindən "SHAZELI GROUP" MMC-yə göstəriş verilsə də, MMC Dövlət Xidmətinin qanuni tələblərini yerinə yetirməyib.
Bununla əlaqədar, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirmədiyinə görə "SHAZELI GROUP" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib.
Xatırladaq ki, bu pozuntu üzrə cərimə 4000-5000 manat təşkil edir.
Məlumat üçün bildirək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13-cü maddəsinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran xidmətin qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Məhsulun istehlak xassələri dedikdə ərzaq malları ilə bağlı - tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı nəzərdə tutulur.
Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.6-cı bəndinə əsasən isə göstərilən xidmətləri düzgün seçə bilməsi üçün müştəri tələb edərsə, icraçı təklif olunan xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri, təklif olunan iaşə məhsullarının firma adı və tərkibi, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri barədə istehlakçıya məlumat verməlidir.
Qaydaların 23.7-ci bəndinə əsasən istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bildirilib ki, bu sahədə pozuntularla qarşılaşdıqları təqdirdə Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (- https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (- [email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.