Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru "TAP AG" konsorsiumu 2027-ci ilin dördüncü rübündə Albaniya ərazisindəki qaz nəqli infrastrukturu obyektlərindən birini istismara vermək niyyətindədir.
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, layihə qaz ölçmə qovşağının və təzyiq azaltma stansiyasının (Albaniyanın cənubundakı Fyer bölgəsində çıxış məntəqəsi - "Fier South" layihəsi) inşasını nəzərdə tutur.
"TAP AG" xatırladıb ki, TAP boru kəmərinin genişləndirilməsinin birinci mərhələsi zamanı Kipoi və İtaliya arasındakı hissədə 2026-cı il yanvarın 1-dən etibarən ildə təqribən 1,04 milyard kubmetr (m³/il) əlavə uzunmüddətli nəql tutumu istifadəyə verilib.
"DESFA sistemindən giriş və Roskovetsdəki (Albaniya) yeni çıxış nöqtəsində çıxış üçün 2026-cı il oktyabrın 1-dən təxminən 0,16 milyard m³/il həcmində əlavə uzunmüddətli tutum paylaşdırılıb. Bu genişlənmədən asılı olmayaraq, "Fier South" çıxış nöqtəsi layihəsi Fier yaxınlığındakı ACS03 qaz kompressor stansiyasına yaxın məsafədə qazın ölçülməsi və təzyiqin azaldılması obyektinin inşasına yönəlib. Tikinti işləri başa çatdıqdan sonra bu obyekt Albaniya hökumətinə təhvil veriləcək. Obyektin tikintisinin 2027-ci ilin dördüncü rübündə başa çatacağı gözlənilir", - şirkətdən vurğulayıblar.
Bundan başqa, bildirilir ki, 2026-cı il oktyabrın 1-dən Nea-Mesimvriya birləşmə nöqtəsi ikitərəfli olmaqla TAP sisteminə ikinci fiziki giriş nöqtəsinə çevrilib.
"Bu dəyişiklik TAP ilə Yunanıstanın təbii qaz nəqli sistemi arasında qaz axınlarının hər iki istiqamətdə hərəkətini təmin edir, həmçinin dəyişən bazar konyunkturası şəraitində bazar inteqrasiyasının möhkəmlənməsinə və çevikliyin artırılmasına kömək edir", - "TAP AG"dən əlavə ediblər.
TAP istismara verildiyi vaxtdan bəri Avropa ölkələrinə 61,4 milyard kubmetr qaz nəql edilib.
Xatırladaq ki, "TAP AG" Albaniya hökuməti və "Albgaz" şirkəti ilə Fyer şəhərində giriş/çıxış nöqtəsinin yaradılması məsələsində fəal əməkdaşlıq edir. Bu layihə çərçivəsində 2021-ci il iyulun 6-da "TAP AG", Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və "Albgaz" şirkəti "Əməkdaşlıq və infrastruktur obyektlərinin ötürülməsi haqqında" saziş imzalayıb. Sənədin şərtlərinə əsasən, tikinti işləri başa çatdıqdan sonra mülkiyyət hüquqları Albaniya dövlətinə keçəcək. Milli qaz bazarının formalaşmasına dəstək məqsədilə "TAP AG" və Albaniya hökuməti arasında bağlanmış Anlaşma Memorandumuna uyğun olaraq, konsorsium "AGS CO" ilə Albaniya ərazisində TAP boru kəməri sisteminə və onun obyektlərinə keyfiyyətli texniki xidmət göstərilməsi haqqında müqavilə bağlayıb.
"AGS CO" nizamnamə kapitalının 75 %-nin "Albgaz" dövlət operatoruna, 25 %-nin isə İtaliyanın "Snam S.p.A." şirkətinə məxsus olduğu birgə müəssisədir. "TAP AG" və "AGS CO" arasında ilkin müqavilə 2018-ci il dekabrın 28-də bağlanıb. (report)












