Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyənləşir.
FED.az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunur. Özəl məhkəmə eksperti barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılır. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
İntizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanılır. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmur.
İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunur:
– töhmət;
– 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə;
– özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
– cərimə üzrə məbləğlər bu qanunun müvafiq maddəsində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün Palatanın bank hesabına köçürülür.
İntizam tənbehi bu maddədə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə bilər və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilmir.
Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.
İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdirilir. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunur və əmrin surəti ona təqdim edilir. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilmir.












