Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov cümə axşamı Bakıda keçirilən görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının 2026-cı ilədək əsas istiqamətlərinin inkişafı üzrə tədbirlər planının icrasını, ticarət-sənaye kooperasiyasının gücləndirilməsi və qarşılıqlı ərzaq tədarükünün genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 17 faiz artıb”
"Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Ən parlaq sübut ticarət dövriyyəsinin göstəriciləridir. 2023-cü ilin yekunlarına əsasən ticarət dövriyyəsi 380 milyard rubla çatı və həcm təxminən üçdə bir artıb. Bununla yanaşı, Rusiya-Azərbaycan ticarətinin yarısından çoxu - 54,2%-i milli valyutalarda həyata keçirilir", - Reşetnikov deyib.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məlumat verir. Reşetnikovun sözlərinə görə, ticarət-iqtisadi əməkdaşlıq investisiya layihələrini gücləndirir. "Rusiya Azərbaycan iqtisadiyyatına ən iri beş investordan biridir. Ötən ilin yekunlarına görə ölkəmiz Azərbaycana təxminən 25 milyard rubl sərmayə qoyub (cari məzənnə ilə təxminən $274 milyon). Hazırda respublika ərazisində Rusiyanın iştirakı ilə ümumilikdə 570 milyard rubl (cari məzənnə üzrə $624 milyon) məbləğində IT və təyyarə istehsalından tutmuş tibb və yüngül sənayeyə qədər müxtəlif layihələr həyata keçirilir", - o qeyd edib.
"İstənilən ölkədə biznesə rahat maliyyə alətləri, turistlərə isə xaricdə malların və xidmətlərin rahat ödəniş sisteminə ehtiyac var. Bununla əlaqədar ölkələrimiz üçün banklararası qarşılıqlı əlaqənin genişləndirilməsi, milli valyutalarda birbaşa müxbir hesablarının sayının artırılması və daha çox Azərbaycan banklarının Rusiya Bankının Maliyyə Məlumatlarının Ötürülməsi Sisteminə qoşulması vacibdir", - Reşetnikov hesab edir.
Cabbarov öz növbəsində qeyd edib: "Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının möhkəmlənməsi fonunda ticarət dövriyyəmiz və işgüzar dairələrin tərəfdaşlığı da genişlənir. Sənaye, ticarət, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı və digər sahələrdə Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi, habelə əməkdaşlığın yeni istiqamətləri üçün böyük potensial mövcuddur. Bu potensialın həyata keçirilməsi ikitərəfli iqtisadi gündəmimizin əsas prioritetidir". (İnterfaks-Azərbaycan)