Azərbaycanda Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi hazırlanacaq.
Prezident Rəqabət Məcəlləsini təsdiqləyib - FƏRMAN
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanda əz əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabineti sözügedən layihəni altı ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Rəqabət Məcəlləsinə görə, bazar subyektləri, onların vəzifəli (məsul) şəxsləri, habelə rəqabət orqanının vəzifəli şəxsləri rəqabət qanunvericiliyinin pozulmasına görə qanunda müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Rəqabət orqanı və onun vəzifəli şəxsləri bu Məcəlləyə uyğun olaraq əldə etdikləri məxfi və konfidensial məlumatların (kommersiya, vergi, gömrük və bank sirri, habelə statistik sirr sayılan məlumatlar daxil olmaqla) qanuna uyğun olaraq qorunmasını təmin etməlidirlər.
Təsərrüfat subyekti tərəfindən bu Məcəllədə qeyd edilmiş pozuntulardan iki və daha artıq qadağan edilmiş hərəkətə yol verildikdə maliyyə sanksiyalarının hesablanması toplanma qaydasında və ya yol verilmiş bir qadağan olunmuş hərəkət iki və daha artıq pozuntu xarakteri daşıdıqda daha ağır maliyyə sanksiyasının tətbiq olunması ilə həyata keçirilir.