KOB-ların rəqabətqabiliyyətliliyinin artırılması, innovativ və ixracyönümlü fəaliyyətlərinin təşviqi beynəlxalq tərəfdaşlıq gündəliyinin əsas prioritetlərindəndir.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" konfransında bildirib.
"Azərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir. Türkiyə və Pakistanla Preferensial ticarət sazişləri imzalanıb. Bu sazişlərə əsasən tərəfdaş ölkələrlə müəyyən edilmiş məhsullar üzrə gömrük rüsumlarının azaldılması və ya tamamilə aradan qaldırılması qarşılıqlı ticarətin inkişafına təkan verir, sahibkarların ixrac imkanlarını artırır."- deyə o məlumat verib.
Müavin çıxışında əlavə edib ki, " Ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb. Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Sahibkarlar təşəbbüslərini artıraraq, bu beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər".