İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib.
"7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə deyib.
“Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmə istiqamətində mühüm nəticələr əldə olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb”, - deyə nazir qeyd edib.
Mikayıl Cabbarov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsində, xarici iqtisadi siyasətdə, beynəlxalq iqtisadi tərəfdaşların ölkəmizə gəlməsində özəl sektorun rolu böyükdür. Azərbaycanın inkişafına vicdanla töhfə verən sahibkarlara təşəkkür edirik. Dövlət də daim sahibkarlığın, xüsusilə kiçik və orta biznesin genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü sahələrin inkişafına müxtəlif mexanizmlərlə dəstək göstərir. Sahibkarlıq fəaliyyətinin qlobal çağırışlar fonunda dayanıqlı inkişafının təmin edilməsi üçün bu mexanizmlər daha da genişlənəcək.
“Sahibkarlardan əsas gözləntilərimizdən biri məhsuldarlığın artırılmasıdır. Bunun əsas şərti bilikli və bacarıqlı kadrlardır. Eyni zamanda, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi və uzunmüddətli layihələrə sərmayə qoyuluşu da mühüm amillərdəndir”, - deyə o əlavə edib.














