Azərbaycanda həyata keçirilən genişmiqyaslı və çoxşaxəli yeni nəsil islahatlar nəticəsində bu gün iqtisadiyyatımızla bağlı hesablamaların özünü doğrultduğunu demək olar.
"Azərbaycanda bizneslərin mütləq əksəriyyətini mikro, kiçik və orta sahibkarlıq təşkil edir"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
"Dünyadakı iqtisadi proseslər fonunda və mürəkkəb siyasi vəziyyətdə ortamüddətli və uzunmüddətli proqnozları dəqiq vermək mümkün deyil. Beynəxalq maliyyə qurumları da bu şəraitdə öz proqnozlarına yenidən baxır. Xüsusilə buna misal olaraq faktiki iqtisadi vəziyyətə toxunmaq istərdim. Cari ilin doqquz ayında neft-qaz sektorunda real ÜDM-in 1,5 % azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3 % təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir edib. Bu ilin 9 ayında ÜDM-in 0,8 % artması neft hasilatının azalmasının təsiri altında formalaşıb. İqtisadiyyat Nazirliyinə təqdim edilən məlumatlara görə, cari ilin sonuna kimi neft hasilatında mənfi dinamika davam edəcək. Bu amil nəzərə alınmaqla, eyni zamanda qeyri-neft-qaz sektoru üzrə müxtəlif təşkilatların təqdim etdikləri son illik proqnozlar da əsas gətirilməklə cari ilin sonuna İqtisadiyyat Nazirliyi iqtisadi artım tempini 1,9 % gözləyir. Təbii ki, bu rəqəmlər hesablanarkən aidiyyəti qurumlarla müzakirə olunur, razılaşdırılır və təqdim edilir", - deyə o qeyd edib.
Nazir müavini inflyasiya ilə bağlı deputat Əli Məsimlinin dediklərinə də münasibət bildirib: "Son aylarda qlobal ərzaq bazarında qiymətlərin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən anti-inflyasiya tədbilərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşlmasına imkan verir. 2023-cü ilin 9 ayında inflyasiya 10,9 % olub və ilin sonun qədər azalması müşahidə olunur. İnflyasiyanın gələn il daha da azalması gözlənilir. Xarici amillər burada vacib rol pynayır. Səsləndirilən təkliflər mütləq nəzərə alınır. Çalışırıq ki, proqnozlarımız dəqiqliyə yaxın olsun".
Bundan başqa, S.Məmmədov qeyd edib ki, özəl sektorun inkişafına çox genişmiqyaslı dəstək göstərilir və qanunvericilik təkmilləşdirilir: "Azərbaycanda özəl sektora göstərilən dəstək bir sıra ölkələrdən qat-qat artıqdır. Bu da öz nəticəsini verməkdədir. Özəl sektorun payı ÜDM-də ilbəil artır". (Report)