Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanın real ÜDM-i 2026-cı ildə 2,5 faiz artacağını gözləyir. Bu artım əsasən iqtisadiyyatın qeyri-xammal sahəsinin inkişafı və genişmiqyaslı dövlət investisiyaları hesabına təmin olunacaq.
FED.az xəbər verir ki, bu barədə “Fitch Rating”in “Sovereigns and Supranationals” bölməsinin direktoru Arvind Ramakşrinan danışıb.
Onun sözlərinə görə, Fitch 2026-cı ildə real ÜDM artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır ki, bu da Azərbaycanın orta müddətli artım potensialına yaxındır. Artım ilk növbədə qeyri-xammal sektorunun inkişafı və dövlət investisiyaları hesabına baş verəcək. Bu zaman neft hasilatının azalmağa davam etməsinə baxmayaraq, təbii qaz istehsalı dəstəkləyici rol oynayacaq.
“İnformasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sektorunda yaxşı artım perspektivləri var. Nəqliyyat sahəsində əsas dəstək amilləri genişmiqyaslı dövlət investisiyaları və Orta Dəhliz çərçivəsində tranzit əməliyyatlarıdır. Son illərdə qeyri-xammal sektorunun artımı həmçinin Qarabağda bərpa işləri hesabına əhəmiyyətli təkan alıb. Lakin kapital xərcləri pik həddə çatdıqca, onların artıma təsiri azalacaq”,- deyə A. Ramakrişnan vurğulayıb.
O qeyd edib ki, “Fitch”in gözləntilərinə görə, 2026-cı ildə konsolidasiya olunmuş büdcədə ÜDM-in 0,3 faizi həcmində profisit olacaq(2024-cü ildə: 3,6 faiz), 2027-ci ildə isə o kiçik kəsirlə əvəzlənəcək.
“Azərbaycan “BBB-” səviyyəsində sabit proqnozla investisiya reytinqini qoruyub saxlayır ki, bu da suverenin davamlı xarici balansı və dövlət borcunun aşağı səviyyəsi ilə təmin olunur. Bundan əlavə, Azərbaycanın dövlət maliyyəsi Dövlət Neft Fondunun (SOFAZ) və dövlət depozitlərinin əhəmiyyətli aktivləri hesabına maliyyələşmə çevikliyi və ödəmə qabiliyyəti ilə dəstəklənir”, – deyə A. Ramakrişnan əlavə edib (Trend).