Moskvada Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə “Yeni Azərbaycan şərabı” layihəsi çərçivəsində təqdimat keçirilib.
«Mədrəsə», şərabdan ilham alan şair və 4 milyon şüşə şərab - Şəkidə «üzüm bumu» başlayıb - FOTOLAR
FED.az xəbər verir ki, “Caspian” restoranında təşkil olunmuş tədbirdə Azərbaycanın üzümçülük məhsulları, şərabları, o cümlədən “Savalan” şərabının müxtəlif növləri sərgilənib.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbiri açaraq bildirib ki, ölkəmizin Rusiyadakı ticarət nümayəndəliyi artıq 6 ildən çoxdur fəliyyət göstərir.
“Prezident İlham Əliyevin sərəncamı ilə xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılıb. Biz 2016-cı ildən fəaliyyət göstəririk və ötən dövrdə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edib. Hazırda isə bu rəqəm 4 milyard dollaradək yüksəlib. Azərbaycan məhsullarının Rusiyaya ixracı 70 faizədək, təxminən 600 milyon dollardan 1 milyard dollaradək artıb”, - deyə Ruslan Əliyev bildirib.
Ölkəmizdə üzümçülük və şərabçılığın tarixindən danışan ticarət nümayəndəsi qeyd edib ki, ölkəmizdən Rusiyaya şərab ixracı 206.87 min dekalitr təşkil edib ki, bu da 4,39 milyon dollar gəlir deməkdir.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin müavini Asiman Həşimli qeyd edib ki, Rusiyada təşkil olunan silsilə tədbirlərdə məqsəd xüsusilə Azərbaycanın qeyri-neft məhsullarının bu ölkənin bazarına ixracının həcminin artırılmasıdır: “Azərbaycanda üzümçülüyünün təbliği istiqamətində bu il bir neçə tədbir keçirmişik. Rusiya bazarı Azərbaycan məhsulları üçün geniş imkanlar açır və biz bu imkanlardan maksimal şəkildə yararlanmağa çalışırıq”.
Rusiyanın sərgi şirkətinin nümayəndəsi Artyom Demçenko müsahibəsində bildirib ki, Azərbaycanın istehsalçı şirkətləri Rusiyada təşkil olunan sərgilərdə hər zaman geniş təmsil olunurlar.
“Azərbaycan şirkətləri bizim sərgilərin flaqmanı olan “Word food Moscow” qida məhsulları sərgisində fəal iştirak edir və keyfiyyətli məhsullar sərgiləyirlər. Sizin qida məhsulları rusiyalılar tərəfindən məmnuniyyətlə alınır”, - deyə A.Demçenko qeyd edib.
Tədbirdə Azərbaycan şərabları, eləcə də digər məhsullarımız qonaqların böyük marağına səbəb olub. İştirakçılar milli mətbəximizin təamlarını dadmaqla yanaşı, həm də milli musiqimizi dinləyiblər. Gecədə Azərbaycanda üzümçülüyə həsr olunmuş "Azərbaycan torpağının sərvətləri" filminin nümayişi də baş tutub. (Azərtac)