Azərbaycana xaricdən gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfə üstəliyir.
Eləcə də bax: Türkiyə Azərbaycana kərə yağı ixracını - 34 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinn idxal məlumatlarından aydın olur.
Komitənin açıqladığı hesabata görə, 2022-ci ilin ilk 6 ayında xarici ölkələrdən Azərbaycana ümumi dəyəri 55 milyon 713 min dollarlıq 9 min 975 ton kərə yağı idxad edilib. Kərə yağının 1 kiloqramının idxal qiyməti 5,6 dollar və ya 9,5 manat təşkil edib.
Bu dövrdə Azərbaycana kərə yağı əsasən Yeni Zelandiya, İran, Türkiyə, Ukrayna, Belarus, Finlandiya və Fransadan gətirilib.
2022-ci ilin ilk 6 ayında Azərbaycana
1) Belarusdan ümumi dəyəri 2 milyon 611 min dollar olan 405 ton kərə yağı gətirilib. 1 kiloqram kərə yağının idxal qiyməti 6,45 dollar və ya 11 manat təşkil edib.
2) İrandan ümumi dəyəri 12 milyon 947 min dollar olan 3 044 ton kərə yağı gətirilib. Nəticədə İrandan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 4,25 dollar və ya 7,2 manat təşkil edib.
3) Ukraynadan ümumi dəyəri 4 milyon 013 msin dollar olan 649 ton kərə yağı gətirilib. 1 kiloqram Ukrayna kərə yağının idxal qiyməti 6,18 dollar və ya 10,5 manat təşkil edib.
4) Türkiyədən ümumi dəyəri 2 milyon 184 min dollar olan 407 ton kərə yağı gətirilib. Nəticədə Türkiyədən gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 5,37 dollar və ya 9,1 manat təşkil edib.
5) Yeni Zelandiyadan ümumi dəyəri 26 milyon 648 min dollar olan 4 271 ton kərə yağı gətirilib. Nəticədə Zelandiya yağının 1 kiloqramı Azərbaycana idxal qiyməti 6,24 dollar və ya 10,6 manat təşkil edib.
6) Almaniyadan ümumi dəyəri 1 milyon 017 min dollar olan 142 ton kərə yağı gətirilib. Nəticədə Almaniya yağının 1 kiloqramı Azərbaycana idxal qiyməti 7,16 dollar və ya 12,2 manat təşkil edib.
7) Finlandiyadan 3 milyon 363 min dollar dəyərində 608 ton kərə yağı idxal edilib. Bu yağların 1 kiloqramının idxal qiyməti 5,53 dollar və ya 9,4 manat təşkil edib.
8) Fransadan 1 milyon 069 min dollarlıq 155 ton yağ idxal edilib. 1 kiloqqramın idxal qiyməti 6,9 dollar və ya 11,7 manat təşkil edib.
Başqa sözlə, ilk 6 ayda xaricdən Azərbaycana idxal edilən kərə yağının idxal qiyməti 7,2-12,2 manat arasında dəyişib. Ən bahalı yağ Almaniyadan, ən ucuz yağ isə irandan idxal edilib.
İdxalda ən çox paya malik olan və Azərbaycanın ticarət şəbəkələrində də ən çox satılan Yeni Zelandiya yağının kiloqramı isə ölkəyə 10,6 manatdan idxal edilir.
Amma bu dövrdə Azərbaycanın ticarət şəbəkələrində isə idxal edilmiş kərə yağının 1 kiloqramının pərakəndə satış qiyməti 18,53 – 19,62 manat arasında dəyişib. Kərə yağının rota qiyməti isə 18,20-19,12 manat arasında olub.
Başqa sözlə, xaricdən idxal edilən kərə yağının pərakəndə qiyməti onun idxal qiymətini 2 dəfə üstələyir.
Kərə yağının idxal olunduğu qiymətdən 2 qat artıq qiymətə satılması əvvəlki illərdə də baş verib.
2021-ci ildə Azərbaycana ümumilikdə 71 milyon 922 min 190 dollar dəyərində 13 min 696 ton 590 kiloqram kərə yağı idxal edilib. İdxal edilən kərə yağının hər kiloqramı 5,25 dollar və ya 8,92 manat təşkil edib.
Amma bu dövrdə xaricdən idxal olunan kərə yağının 1 kiloqramı mağaza və ticarət şəbəkələrində 16,50-18,05 manata satılıb. Kərə yağının orta qiyməti isə 16,41-17,89 manat arasında olub.
2020-ci ildə Azərbaycana ümumilikdə 74 milyon 457 min dollar dəyərində 15 min 038 ton 970 kiloqram kərə yağı idxal edilib. İdxal edilən kərə yağının hər kilqoqramı 4,95 dollar və ya 8,42 manat təşkil edib. Yağın mağazalardakı satış qiyməti isə 16,58-16,75 manat təşkil edib.