Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurub.
Eləcə də bax: İyunda ölkədə qiymətlər ucuzlaşıb – RƏSMİ AÇIQLAMA - CƏDVƏL
FED.az xəbər verir ki, bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov artımı karantin rejiminin yumşaldılması tədbirləri ilə əlaqələndirib.
Onun sözlərinə görə, vaksinasiya olunanların sayı artsa, məhdudiyyət tədbirlərinə ehtiyac qalmasa, artım tempini ikinci yarımildə də qoruyub saxlaya bilərik: "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul istehal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım deməkdir.
Bu ilin ilk yarısında iqtisadi artım qeyri-neft sektoru hesabına baş verib. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb.
Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır.
Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa, real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər". (Trend)