İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq edəcək.
ELƏCƏ DƏ BAX : Prezident özəl sektorda daha çox iş yeri yaradılmasını tapşırıb - KOLLEGİYA İCLASI
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, hər iki qurum arasında birgə əməkdaşlığa dair görüş keçirilib.
Görüşdə “Azexport.az”, “EnterpriseAzerbaijan”, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı ilə Beynəlxalq Bank arasında mövcud ola biləcək birgə əməkdaşlıq imkanları müzakirə olunub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, əməkdaşlıq təklifinin əsas məqsədi ölkədə qeyri-neft sektorunun, rəqəmsal iqtisadiyyatın və ixrac biznesinin inkişafına dəstəkdir.
Müzakirələr zamanı Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli portalın təklif etdiyi elektron imkanların rəqəmsal iqtisadiyyatın inkişafındakı rolu və dünyada ilk dəfə olaraq Azərbaycanın qeyri-rezidentlərə m-rezidentlik təqdim etməsi barədə ətraflı danışıb.
Görüşdə “Azexport.az” portalının və Azərbaycan Beynəlxalq Bankının birgə əməkdaşlığı çərçivəsində “Made in Azerbaijan” məhsullarının dünyanın bir çox ölkələrinə ixracı zamanı ixracatçı şirkətlərə bankın faktorinq, akkreditiv, ixrac sığortası və digər maliyyə xidmətlərinin təklif olunması müzakirə olunub.
Həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin digər layihəsi olan “EnterpriseAzerbaijan” portalının meneceri Oruc Dursunzadə isə portalın kiçik və orta sahibkarlığın inkişafına verdiyi təkanı xüsusi qeyd edib.
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin ixracatçı sahibkarlara yaratdığı geniş imkanlardan danışılıb.
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbas İbrahimov Mərkəzin həyata keçirdiyi layihələrin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb, Beynəlxalq Bank ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında yaxın gələcəkdə əməkdaşlığın baş tutacağını vurğulayıb.