İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, iclasda nazir Şahin Mustafayev bildirib ki, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur. Sənayenin inkişafının əsas prioritetlərdən olduğunu qeyd edən İqtisadiyyat naziri ölkəmizin sənaye potensialının araşdırılmasının, bu istiqamətdə təhlillərin aparılmasının davam etdirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında qeyri-neft sənayesinin sürətlə inkişaf etdiyi, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunduğu diqqətə çatdırılıb, bu sahələrin, eləcə də gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi barədə göstərişlər verilib.
Kollegiya iclasında qeyd edilib ki, bu ilin birinci yarısında da ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. 2019-cu ilin 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub, 131 min ton yük daşınıb. “Şimal-Qərb” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, yanvar-iyul aylarında “Şimal-Qərb” nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.
Kollegiya iclasında vurğulanıb ki, bu ilin birinci yarısında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.
2019-cu ilin altı ayında sahibkarlara 1130 lisenziya verilib ki, bunların da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmədən ibarətdir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il iyulun 1-dək sahibkarlar 7900-dən çox lisenziya əldə edib. Ötən ilin martında yaradılan “Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib.
İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Ş.Mustafayev bildirib ki, bu ilin yanvar-iyul aylarında 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. Layihələrin 58 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm sahələrini əhatə edir.
İclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün bu ilin birinci yarısında sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2019-cu ilin altı ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır.
Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalının, eləcə də 44 faizi regionların, 56 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Kollegiyanın sədri Ş.Mustafayev regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayan aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcud aqroparkların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi barədə müvafiq strukturlara göstərişlər verib.
Bildirilib ki, kiçik və orta biznesin (KOB) iqtisadiyyatda rolunun artırılması dövlətimizin başçısının sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdəndir. KOB-lara dəstək məqsədilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, bu dövrdə 5 KOB dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 15-ə çatdırılıb. Sahibkarlara bütün dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili istiqamətində tədbirlər davam etdirilir.
KOBİA-nın təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi üçün Bakıda və ölkə regionlarında təlim, seminar və treninqlər keçirilir. Bu ilin birinci yarısında vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulmaq və maliyyə resurslarına çıxış imkanlarına dair təşkil olunmuş onlayn maarifləndirmə tədbirlərindən 1500-dən çox sahibkar yararlanıb. Agentlik tərəfindən KOB-ların müxtəlif tədbirlərdə iştirakına, məhsul və xidmətlərini tanıtmasına və satışına, işgüzar əlaqələrinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə Bakıda və ölkə regionlarında təşkil olunmuş 5 böyük sərgi və festivalda mikro və kiçik sahibkarların iştirakı təmin edilib. Şahin Mustafayev Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kredit almaq istəyən və alan sahibkarların KOBİA-nın informasiya, məsləhət, maarifləndirmə xidmətlərindən daha çox istifadə etməsinin və bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
İclasda Prezident İlham Əliyevin iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi barədə tapşırıqlarına uyğun olaraq, özəl sektorda daha çox iş yerlərinin yaradılmasının stimullaşdırılması barədə müvafiq struktur bölmələrə konkret göstərişlər verilib.
İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi çərçivəsində bu ilin ilk altı ayında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib.
2019-cu ilin birinci yarısında dövlət dəstəyi hesabına xarici ölkələrə 6 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə qatılıblar. Kollegiya iclasında vurğulanıb ki, ixracla məşğul olan sahibkarlara dəstək tədbirləri davam etdiriləcək.
Bildirilib ki, Nazirlik vətəndaşlara 66 elektron xidmət göstərir və bunların böyük əksəriyyəti artıq “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin “E-hökumət” portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür. Dövlət başçısının Azərbaycanın innovasiyalar, müasir idarəetmə yolu ilə inkişafını qarşıya məqsəd kimi qoyduğunu vurğulayan Ş.Mustafayev İqtisadiyyat Nazirliyinin fəaliyyətində müasir informasiya texnologiyalarının və mobil həllərin tətbiqinin daha da genişləndirilməsi barədə müvafiq strukturlara tapşırıqlar verib.
Ş.Mustafayev Nazirlər Kabinetinin İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlarını bildirib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.