Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatdakı valyuta böhranı ilə bağlı ümumi qiymətləndirməsini və region ölkələrinin mövqeyini açıqlayıb.
FED.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Avropa Birliyi ölkələrinin, xüsusilə Almaniyanın baş naziri Angela Merkelin dəstəyinin əhəmiyyətini də dilə gətirib:"Bu müddətdə çox böyük maneənin qarşısını aldıq. Ancaq bir sıra qərarlar qəbul etdik və danışıqlar apardıq. İki ay çəkməz ki, əvvəlki vəziyyətimizə qayıdarıq. Bu müddətdə başda Almaniya olmaqla Avropa Birliyi ölkələrindən gələn dəstək çox vacib idi ".
Prezident Türkiyədə Qurban bayramının əvvəlindən başlayan məzənnə ilə bağlı böhran və ABŞ rəhbərliyinin ifadələrinin siyasi xarakter daşıdığını ifadə edib.
Zaman- zaman dalğalanma olsa belə nəticədə Türkiyənin bundan çıxacağını ifadə edən Ərdoğan, Türkiyədə yaşanacaq problemlərin, bütün Avropaya təsir etməsinin də qarşısının alınmasının vacibliyini ifadə edib.
Xüsusi nümayəndə göndərdilər
Prezident Almaniyanın kansleri Angela Merkellə danışığına da toxunub:
"Merkel mənə birbaşa zəng edərək, açıq dəstəyini göstərdi. “ İstəyirsinizsə nazirimizi sizə göndərim” dedi. Avropa ölkələrinin baş nazirləri tərəfindən verilən bəyanatlara əlavə olaraq bizə xüsusi nümayəndələrin göndərənlər də oldu. Onların bu yanaşması çox vacib idi və biz bu əlaqəni qorumaq üçün əlimizdən gələni edəcəyik".
Ərdoğan bu müddətdə Qatar və Küveyt ilə təmaslar nəticəsində iqtisadi dəstəyi təmin etdiyini, lakin bu ölkələrə dolayı təzyiq tətbiq olunduğunu söyləyib.
Rusiya və İranın dəstəyi
Prezident Rusiya dövlət başçısı Putinin ilk gündən verdiyi siyasi dəstəyin, İran rəhbərliyinin yanaşmasının da ABŞ-ın mövqeyinə qarşı Türkiyənin yanında olduqlarını göstərən şərhlərinin çox qiymətli olduğunu vurğulayıb. Ərdoğan xüsusilə bütün region ölkələrinin bu məsələdə mövqeyini görməsinin vacib olduğunu dilə gətirib.