Azərbaycan hökuməti qiymət artımı və inflyasiyaya qarşı mübarizəni gücdəndirməyi qərara alıb.
FED.az xəbər verir ki, ötən həftə baş nazir Əli Əsədov «İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə» sərəncam imzalayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl – iyulun 11-də prezident İlham Əliyev 6 ayın yekunları ilə bağlı müşavirədə qiymət artımı barədə danışaraq bildirmişdi ki, inflyasiyanın bir qədər də azaldılması və birrəqəmli həddə düşməsi (yəni 10%-dən aşağı olması) ilə bağlı hökumətdən yeni təkliflər gözləyir.
Dövlət başçısı işarə etmişdi ki, hazırkı 12%-lik inflyasiya onu qane etmir. Onun sözlərinə görə qiymət artımı təkcə obyektiv deyil, həm də subyektiv səbəblərlə bağlıdır (yəni süni qiyət artımı da var – FED.az): «Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil».
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ölkədə qiymət artımı bir qədər səngiyib - 2023-cü ilin yanvar-iyun aylarında ölkədə ümumi qiymət artımı 12,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz, ödənişli xidmətlər üzrə 10,5 faiz təşkil edib. İyun ayında isə 0,9% qiymət azalması baş verib.
İndi isə hökumət qiymət artımını 10%-dən aşağı salmaq üçün tədbirlərə başlayır.
Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda deyilir ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib. Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.
Hökumət bildirir ki, «Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülmüşdür. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaradıb.
Buna baxmayaraq rəsmi qurumlar qiyiət artımı mövzusunu bir daha araşdırmaq və ona səbəb olan faktorları nəzarətə götürmək niyyətindədir: «Ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir»-deyə sərəncamda bildirilir.
Sərəcama əsasən inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə yeni İşçi qrup yaradılıb:
İşçi qrupun rəhbəri:
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri
İşçi qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.
İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə Nazirlər Kabinetinə hesabat versin.