Prezident İlham Əliyevin fərmanı ilə sahibkarlara kredit faizləri üzrə subsidiyanın verilməsi müddəti daha 2 il uzadılıb.
Prezident sahibkarlar və iş adamları barədə - QANUNU TƏSDİQLƏDİ - TAM MƏTN
FED.az xəbər verir ki, dövlət başçısı «Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” özünün 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanına dəyişiklik edib.
Budəfəki fərmanla sənədin 3.2-ci bəndində dəyişiklik edilib. Həmin bənddə deyilirdi ki, İpoteka və Kredit Zəmanət Fondu 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etsin.
İndi isə bu müddət daha 2 il uzadılıb. Belə ki, artıq sahibkarların 2022-ci ilin dekabrın 31-dək deyil, 2024-cü il dekabrın 31-dək aldığı kreditlər üzrə də faizlərin bir hissəsini dövlət ödəyəcək (faiz subsidiyası bu deməkdir).
Fond isə bu subsidiyalarını verilməsini 2025-ci ilədək deyil, 2027-ci ilədək davam etdirəcək.