Yanvarın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüşüb.
Eləcə də bax:"Gömrük orqanları büdcə proqnozuna 101,5% əməl edib
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Əlcəzair ilə Azərbaycan arasındakı münasibətlərindən bəhs edib və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səfər Mehdiyev Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-həmlə tədbirlərindən bəhs edərək Azərbaycan ordusunun 30 ilə yaxın işğalda qalan əraziləri 44 gün ərzində azad etdiyini bildirib. Komitə sədri onu da vurğulayıb ki, tezliklə işğal altındakı ərazilərin bərpasına başlanacaq və bu da regionun iqtisadi baxımdan inkişafı, bölgədə sabitliyin tam təmin olunması üçün əlverişli imkanlar yaradacaq.
Səfər Mehdiyev son illər gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verərək diqqətə çatdırıb ki, əməkdaşların potensialının gücləndirilməsi, informasiya texnologiyalarının geniş tətbiqi, qabaqcıl təcrübələrə əsaslanan layihələrin həyata keçirilməsi fiskal sahə ilə yanaşı, qaçaqmalçılığa qarşı mübarizə, şəffaflığın təmin olunması, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm uğurların əldə edilməsinə şərait yaradıb.
Komitə sədri iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak Azərbaycanın Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb və ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib.
Səfir Azərbaycan gömrüyünün əldə etdiyi uğurların təqdirəlayiq olduğunu, bütün sahələrdə əldə edilən nailiyyətlərlə bağlı təcrübə mübadiləsinin əməkdaşlığa, gömrük işinin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.