Bu ilin əvvəlinə nisbətən inflyasiya bir qədər zəifləsə də, ikirəqəmli olaraq qalmaqda davam edib, həm daxili, həm də xarici amillər inflyasiyaya təsir edib.
İlin sonuna Azərbaycanda inflyasiyanın - 6-7 Faizədək Azalacağı Gözlənilir
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub, ilin əvvəli ilə müqayisədə sürəti bir qədər zəifləyib (2022-ci ildə orta illik inflyasiya 13,9%). İstehlak səbətinə daxil olan bütün alt qruplar üzrə qiymət artımı ikirəqəmli qalmaqda davam etmiş, baxılan dövrdə də ən yüksək bahalaşma ərzaq məhsulları üzrə qeydə alınıb (15,1%).İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya müşahidə edilib.
Hesabat dövründə orta illik inflyasiyanın ikirəqəmli qalması həm xarici, həm də daxili amillər ilə izah edilir. Belə ki, yanvar-iyun aylarında idxal olunan mallar orta illik qiymətləndirmədə 18,9% bahalaşıb, AMB tərəfindən sterilizasiya əməliyyatlarının tətbiqi fonunda manatla pul bazası iyun ayının sonunda illik ifadədə 17,6% artıb. Baxılan dövr ərzində istehsalçı qiymət indekslərində də artım izlənib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi idxal inflyasiyasını bir qədər neytrallaşdırmış və inflyativ proseslərə azaldıcı təsir edib. (Trend)