Cari ilin ötən dövründə inflyasiya yüksək olaraq qalmaqda davam etmiş, yenidən baxılma zamanı təkrəqəmli inflyasiya proqnozu artırılaraq ikirəqəmli ilə əvəzlənib.
Nazir müavini Azərbaycanda inflyasiyanın əsas səbəblərini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, aparılmış hesablamalar orta illik inflyasiyanın proqnozlaşdırılmış göstərici ətrafında olacağını deməyə əsas verib. 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5%-ə bərabər olub, istehlak səbətinin hər 3 alt qrupu üzrə ikirəqəmli qiymət artımı izlənib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası orta illik qiymətləndirmədə 12,9% təşkil edib. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib və 10,4% olaraq dəqiqləşdirilib ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.
Xatırladaq ki, Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsinin layihəsinə rəyində 6,9% orta illik inflyasiyanın optimist olduğunu şərh edib. Yenidən baxılma ilə əlaqədar təqdim olunmuş izahatda cari ilin 1-ci rübü üzrə icmal büdcə, o cümlədən dövlət büdcəsinin gəlirlərinin artımını həm də yüksək inflyasiyanın şərtləndirdiyi qeyd edilib. Başqa sözlə desək, ilkin proqnozlar zamanı inflyasiyanın ehtiyatlı yanaşma tətbiq edilməklə hesablanması fonunda faktiki inflyasiyanın çox olması da büdcə parametrlərində artıq icraya zəmin yaradıb. Tərəfimizdən aparılan hesablamalar, xərclər üzrə proqnozlaşdırılan əlavə 3215,5 mln. manat artım nəzərə alınmadan, ilin sonuna orta illik inflyasiyanın dürüstləşdirilmiş rəqəm ətrafında olacağını deməyə əsas verir. (Apa)