İyunun 15-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov və Pakistandakı səfirimiz Xəzər Fərhadov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişini - MÜZAKİRƏ EDİB
FED.az xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının inkişafı məsələləri müzakirə edilib. Vurğulanıb ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir.
Söhbət zamanı Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Ticarət Nazirliyi arasında ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələlərini əhatə edir.