Azərbaycanın sement sənayesində aparıcı mövqeyə malik olan “Norm” ASC beynəlxalq bazarlarda iştirakını genişləndirmək və ixrac coğrafiyasını şaxələndirmək istiqamətində fəaliyyətini davam etdirir. Şirkət qarşıdakı illərdə yeni xarici bazarlara çıxmağı, ixrac imkanlarını artırmağı və Azərbaycan istehsalı olan məhsulların beynəlxalq rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.
Şirkətdəki yeniliklərlə bağlı “Norm ASC”nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ramil Mahmudovun FED.AZ saytına olan müsahibəsini təqdim edirik
Ramil müəllim, “Norm” ASC-nin ixrac strategiyasında hansı ölkələr prioritet təşkil edir? Xarici bazarlarda satışın artırılması və yeni ixrac istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı hansı planlarınız var?
-İxracda iki məhsul ön plandadır: klinker və neft-qaz quyuları üçün xüsusi sement. Quyu sementi beynəlxalq sertifikatlı, yüksək texnoloji məhsuldur və bu sahədə ölkədə və beynəlxalq tərəfdaşlarla uğurla işləyirik. Bu məhsul artıq Mərkəzi Asiya bazarlarına çıxarılır və onun coğrafiyasını genişləndirməyi planlaşdırırıq.
Qonşu və regional bazarlarda yeni imkanları araşdırmağa davam edirik. Bununla belə, əsas prioritetimiz həmişə daxili bazarın tam təmin olunmasıdır – ixrac daxili tələbat ödəndikdən sonra yaranan imkanlar hesabına aparılır.
STORM məhsulu ilə də bağlı məlumat verməyinizi xahiş edirik. Məhsulun yaradılmasına hansı ehtiyac səbəb olub və bu məhsul bazardakı digər yapışdırıcı markalardan nə ilə fərqlənir? Bazarda rəqabət güclüdür. STORM-un bu bazarda mövqeyini necə qiymətləndirirsiniz və hansı istehlakçı seqmentini hədəfləyirsiniz?
STORM “Norm”un inkişaf strategiyasının təbii davamıdır. Uzun illər ustalarla birbaşa işləyirik və onlar bizdən sementdən sonrakı mərhələ üçün də etibar etdikləri brenddən məhsul gözləyirdilər. STORM-la ustaya sementdən tutmuş yapışdırıcı və digər quru qarışıqlara qədər bir brend altında həll təqdim edirik. Məhsulun əsasında öz sementimiz dayanır, istehsal ciddi laboratoriya nəzarəti ilə aparılır, “Norm Ustalar Klubu” vasitəsilə isə ustalardan birbaşa rəy alıb məhsulu buna uyğun təkmilləşdiririk.
Rəqabət güclüdür və brendin formalaşmasının vaxt tələb etdiyini realist qiymətləndiririk, amma ustalardan aldığımız rəylər ümidvericidir. Hədəf seqmentimiz peşəkar ustalar və təmir edən ev sahibləridir.
“Norm Sement” ASC-nin STORM ilə bağlı qarşıdakı illər üçün əsas hədəfləri nələrdir? Məhsulun ixracı və yeni bazarlara çıxarılması planlaşdırılırmı?
Hədəfimiz STORM-u quru qarışıqlar seqmentində ustanın ilk ağlına gələn brendlərdən birinə çevirməkdir. Bunun üçün üç istiqamətdə işləyirik: məhsul çeşidinin genişləndirilməsi – yaxın vaxtda yeni məhsullar təqdim edəcəyik; regionlarda satış nöqtələrinin artırılması; və brendin həm ustalar, həm də son istehlakçı arasında tanınması.
İxrac məsələsində hazırda prioritet daxili bazardır – brend burada güclü mövqe qazandıqdan sonra qonşu bazarları nəzərdən keçirəcəyik.
Norm ASC-nin ən iri sosial layihələrindən olan “Norm Ustalar Klubu” barədə də məlumat verməyinizi xahis edirəm. Klubun fəaliyyətinin genişlənməsi, üzvlərin sayının artması, eləcə də bu layihənin coğrafiyasının genişlənməsi istiqamətində hansı işlər görülür. Bu layihə ustalar və onların ailələri üçün hansı dəyərləri yaradıb?
“Norm Ustalar Klubu” bizim üçün sadəcə marketinq layihəsi deyil, sənayenin ən vacib həlqəsi olan ustalara qayğı göstərmək və peşəni inkişaf etdirmək platformasıdır. Klub artıq ölkənin müxtəlif bölgələrindən minlərlə ustanı birləşdirir.
Şəhər və rayonlarda maarifləndirmə təlimləri keçiririk – ustalar yeni texnologiyalar, materialların düzgün istifadəsi və iş təhlükəsizliyi barədə bilik əldə edirlər. Peşə məktəbləri ilə əməkdaşlıq edirik, tələbələr real istehsal mühitində təcrübə keçirlər. Loyallıq tətbiqi vasitəsilə üzvlər bonus toplayır, aksiyalardan yararlanır və bəzi məhsulları onlayn sifariş edə bilirlər. Növbəti mərhələdə təlimləri və tədbirləri regionlara daha çox aparacağıq.
Ən başlıca dəyər isə tanınma və hörmətdir. Usta peşəsi cəmiyyətdə layiq olduğu qiyməti həmişə almır. Klub ustaya peşəkar kimi dəyər verildiyini hiss etdirir, ona bilik, sertifikat və əlavə gəlir imkanı qazandırır – bu da birbaşa ailələrinin rifahına töhfədir.
Müsahibəni apardı:
Elnur Hüseynquluyev
Direktor və baş redaktor





![[red]Ramil Mahmudov:[/red] “Norm” sement dünya bazarlarına çıxır – STORM-la da bağlı böyük planlarımız var” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2639010.jpeg)
![[red]Ramil Mahmudov:[/red] “Norm” sement dünya bazarlarına çıxır – STORM-la da bağlı böyük planlarımız var” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2471365.jpeg)
![[red]Ramil Mahmudov:[/red] “Norm” sement dünya bazarlarına çıxır – STORM-la da bağlı böyük planlarımız var” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/1107186.jpeg)
![[red]Ramil Mahmudov:[/red] “Norm” sement dünya bazarlarına çıxır – STORM-la da bağlı böyük planlarımız var” - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/3857324.jpeg)








