İşğaldan azad edilən torpaqların yenidən qurulması, burada yaşayış və fəaliyyət üçün yüksək şəraitin yaradılması Azərbaycan hökumətinin elan etdiyi əsas məqsədlərdəndir.
Eləcə də bax: Azad edilmiş ərazilərdə inşa edilən - BEYNƏLXALQ HAVA LİMANLARI – SİYAHI
FED.az xəbər verir ki, hazırda ölkənin tikniti-quraşdırma potensialının böyük hissəsi məhz Qarabağ bölgəsinə yönəlib. Türkiyənin «Enka İnşaat ve Sanayi A.Ş.» şirkəti ərazilərin yenidən qurulması işlərində fəal iştirak edən qurumlardan biridir.
FED.az şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Səlim Akbayla müsahibəni təqdim edir.
- Səlim bəy, siz Füzuli Beynəlxalq Hava Limanı üzrə layihə meneceri olmusunuz. Füzuli hava limanı layihəsinin icra müddəti, tikintinin qarşıya qoyulduğu vaxt ərzində başa çatdırılması heyrət doğurur. Bu layihənin belə tez ərsəyə gəlməsini nələr şərtləndirdi?
- Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın əsas hava qapısıdır. Bütün bunlar Prezidentimizin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün oluб. Dövlət başçısının mülki aviasiyanın modernləşdirilməsinə göstərdiyi diqqət və qayğı bu sahəyə öz töhfəsini verməkdə davam edir.
Hər şeydən əvvəl onu söyləmək istəyirəm ki, illərlə gözlədiyimiz və hər zaman inandığımız qələbəmizə, vətən topraqlarımızıın geri alınmasına görə çox xoşbəxt və qürurluyam. Allah şəhidlərimizə rəhmət eləsin! Onların böyük nailiyyəti nəticəsində 44 gün kimi qısa müddətdə əldə etdiyimiz qələbə Füzuli beynəlxalq hava limaninın inşası boyunca bizim ən böyük coşqumuz idi. Şəhid qanı qoxan torpaqlar üzərində tikinti aparmaq hər zaman çətindir. Lakin bütün işçilərimiz Azərbaycan dövlətinin gücünü yanımızda hiss edərək çətini asana çevirdilər.
- Füzuli hava limanından sonra hazırda hansı layihənin icrası ilə məşğulsunuz? Bildiyimiz qədərincə Zəngilan və Laçın hava limanlarının inşası da sizə etibar edilib.
- Bəli, Zəngilan hava limanının inşasına başlamışıq. Bu il həmçinin Zəngilan beynəlxalq havalimanı layihəmizi də tamamlayıb xidmətə vermək istəyirik. Qarşıdakı ildə isə Laçın beynəlxalq havalimanı inşaatını başa çatdırmağı planlaşdırııq. Bu bölgələrin dünyada tanıdılması və logistik baxımdan böyük əhəmiyyət daşıyan bu 2 layihənin tamamlanmasından sonra bu ərazilərdəki inkişaf tempinin sürətlənəcəyini düşünürük.
- İşlər ümumilikdə necə gedir və hansı müddət üçün başa çatdırılması planlaşdırılır?
- Zəngilan hava limanında uçuş-enmə zolağı və apron perron işlərində torpaq işləri tamamlandı. Terminal və hava hərəkətinə nəzarət qülləsi binalarının inşası sürətlə davam edir. Hava limanına elektrik xəttinin çəkilişi qısa zaman ərzində yekunlaşacaq və sistemə elektrik enerjisi veriləcək. Ərazidə su olmadığı üçün artezian quyusu qazılaraq su çıxarıldı. Su və elektrikin olmamasına baxmayaraq beton işlərini yekunlaşdırmaq üzrəyik.
Laçın layihəmizə gəlincə isə, əvvəl də dediyim kimi, bölgə dağlıq ərazi olduğu üçün əvvəlcə ərazinin düzləşdirilməsi üçün hazırda torpaq işləri davam etdirilir.
- Bu cür layihələrdə adətən hansı sayda şirkət və insan qüvvəsindən istifadə olunur?
- Füzuli layihəmizdə 1000-dən çox işçimiz vardı. Böyüklü-kiçikli, təqribən 40 firma ilə çalışdıq. Bunların 12-si Türkiyə firmasıydı. Yalnız Türkiyədən deyil, Avropa və Amerikadan da gələn havalimanı üzrə ixtisaslı mühəndislər və montaj komandası ilə işlədik.
24 saat iş gedən, lakin logistika olaraq hələ ki, tam hazır olmayan torpaqlarımızda 1000-dən çox işçinin yeməyindən yatmasınadək, suyundan elektrikinə, sağlıq xidmətlərindən, yol servisinə qədər bir çox məsələdə yüksək təşkilatçılıq sayəsində layihəmizi tamamladıq.
- Layihə zamanı daha çox hansı problemlərlə üzləşdiniz?
- Yaddan çıxarmaq lazım deyil ki, layihəni həyata keçirərkən pandemiya davam edirdi. Layihənin sürətləndirilməsindən ötrü ölkə xaricindən gələn materialların vaxtında çatdırılması çox çətin oldu. Pandemiya səbəbindən Türkiyədəki bəzi fabriklərin istehsal gücü xeyli zəifləmişdi. Bəzi materialları yük təyyarələri ilə 1 gündə gətirməyimiz tələb olunurdu. Çünki zamanla yarışarkən günləri deyil, saatları hesablayırdıq.
Qeyd etməliyəm ki, bütün inşaat layihələrində problemlər ola bilər, amma önəmli olanı problemi nə qədər müddətdə həll edə bilməyinizdir. Füzulidə məskunlaşma olmadığı üçün bəzi kiçik problemlərin həlli belə vaxt apara bilirdi. Layihənin sürətli olması səbəbindən xaricdən materialların vaxtında gətirilməsi çox çətin oldu. Misal olaraq Türkiyədən mal sifariş verdiyimiz zaman bayram tətillərini göstərə bilərəm.
- Zəngilan, xüsusilə də Laçın aeroportlarının tikintisi dağlıq ərazidə, adətən aeroportlar üçün əlverişsiz sayılan bölgədə həyata keçirilir. Bu vəziyyətdə tikintini aparmaq üçün hansı yeni həllərdən istifadə edilir?
- Zəngilanda buna uyğun olan ərazi seçildi. Ancaq Laçın bölgəsi üçün dağların yarılması, düzənlənməsi, torpağın səthinin hamarlaşdırılması və digər mühəndislik işlərini həyata keçiririk. Bölgədəki bütün əraziləri araşdırılaraq ən uyğun sahədə işlərə başladıq.
- Meneceri olduğunuz layihələrin əhəmiyyətindən danışmağınızı xahiş edərdim. Azərbaycan və ümumilikdə türk dünyası bu layihələrdən necə faydalanacaq?
- Hər şeydən əvvəl bu layihələrlə o torpaqlara Azərbaycanın möhürünü vurmuş olduq. Bütün dünyaya bu torpaqların bizim üçün nə qədər əhəmiyyətli olduğunu və 1 gün belə itirmədən inkişafına başladığımızı göstərdik. Bu 3 hava limanının fəaliyyətə başlaması ilə dünyanın istənilən yerindən dövlət rəhbərləri, sərnişinlər, turistlər birbaşa Qarabağa gələcəklər. Cənnət Vətən torpaqlarımızı görəcəklər. Bundan Azərbaycan qazanacaq, Türk dünyası qazanacaq.
- Yeni hava limanları Azərbaycanın nəqliyyat imkanlarını artırmaqla yanaşı, bölgəni nəqliyyat habına çevirə bilər. Gələcəkdə Zəngilan və Laçından birbaşa Türkiyə və başqa ölkələrə səfər etmək mümkün olacaqmı?
- Əlbəttə ki, planlaşdırılır. Azərbaycan coğrafi yerləşmə baxımından nəqliyyat habı üçün çox uyğun bir yerdədir. Dünya əhalisinin sayının artması nəticəsində sıx hava trafiki səbəbiylə artıq sadəcə böyük şəhərlərdəki hava limanları deyil, bölgədəki digər hava limanları da əhəmiyyət daşıyacaq. Yeni hava limanları da böyük yük təyyarələinin istifadəsinə uyğun şəkildə inşa edilməkdədir.
- Bu layihələrin icrası zamanı yerli şirkətlərlə iş birliyiniz hansı səviyyədədir?
- Layihələrimizdə həm yerli, həm də xarici şirkətlərlə əməkdaşlıq edirik. Bizim üçün əhəmiyyətli olan zaman və keyfiyyətdir. Əməkdaşlıq edəcəyimiz firmaların yerli, yaxud xarici olmasından daha vacib məsələ işin keyfiyyətli və vaxtında başa çatdırılmasıdır. Bildiyiniz kimi, Azərbaycanda artıq bir çox inşaat şirkəti bizim istədiyimiz standartlarda çalışacaq təcrübəyə sahbdirlər. Buna görə də təbii ki, layihəmizdə çoxlu sayda yerli şirkətlərimizlə əməkdaşlıq etdik.